Amerika Birləşmiş Ştatlarının vasitəçiliyi ilə İsrail və Livan arasında yeni bir plan üzrə danışıqlar aparılır. Plan İsrail qüvvələrinin “Hizbullah”la münaqişə zamanı nəzarət etdiyi bəzi ərazilərin Livan ordusunun nəzarətinə verilməsini nəzərdə tutur.
“Reuters” agentliyinin mənbələrinə görə, təklif olunan razılaşmanın bir neçə əsas şərti var. Bu ərazilərə yerləşdiriləcək Livan hərbi birləşmələri ABŞ tərəfindən təlim keçməli və onların “Hizbullah”la heç bir əlaqəsinin olmaması təsdiqlənməlidir.
Eyni zamanda, plan İsrail-Livan sərhədi boyunca yaradılan bufer zonada İsrail hərbi mövcudiyyətinin saxlanmasını da ehtiva edir.
Vaşinqtonda aparılan danışıqların bu mərhələsində təşəbbüsə pilot layihə kimi baxılır. Livanın təhlükəsizlik orqanlarından olan yüksək rütbəli bir məmur məsləhətləşmələrin getdiyini təsdiqləyib. O, mümkün qüvvə çıxarılmasının vaxtı və şərtlərinin müzakirələrin mərkəzində dayandığını qeyd edib.
Potensial razılaşma ilə bağlı yekun qərarın cümə axşamı başa çatması gözlənilən danışıqlardan sonra veriləcəyi ehtimal olunur.