İsrailin Azərbaycandakı səfiri Ronen Krausz avqustun 5-6-da Gəncə və Mingəçevir şəhərlərinə səfər edib. Səfərin məqsədi Azərbaycan və İsrail arasında dostluq münasibətlərinin möhkəmləndirilməsi, regionlararası əməkdaşlığın inkişafı, eləcə də iqtisadi, mədəni, humanitar, kənd təsərrüfatı və enerji sahələrində yeni əməkdaşlıq imkanlarının araşdırılması olub.
Səfərin ilk günü səfir Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovla görüşüb. Görüşdə iki ölkə arasında mövcud əməkdaşlığın inkişaf perspektivləri və regionlararası əlaqələrin genişləndirilməsi məsələləri müzakirə edilib.
Ronen Krausz və nümayəndə heyəti Gəncə Memorial Kompleksini ziyarət edərək Ermənistanın raket hücumları nəticəsində həlak olmuş mülki şəxslərin xatirəsini ehtiramla yad edib, memorial önünə gül dəstələri qoyublar.
Nümayəndə heyəti həmçinin Gəncə Şərab Zavodunda olub, dahi Azərbaycan şairi Nizami Gəncəvinin məqbərəsini ziyarət edib. Göygöldə alman irsi ilə tanış olan səfir moruq bağlarına baş çəkib, daha sonra Üçbulaq kəndində fəaliyyət göstərən “By Aurum Girls” MMC-nin təsisçiləri ilə görüşərək onların kənd təsərrüfatı sahəsində həyata keçirdiyi layihələr barədə məlumat alıb.
Səfərin ikinci günü Ronen Krausz Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovla görüşüb. Görüşdə şəhərin sosial-iqtisadi inkişafı, sənaye və energetika potensialı, eləcə də gələcək əməkdaşlıq perspektivləri müzakirə olunub.
Səfir Heydər Əliyevin büstü önünə gül dəstəsi qoyaraq ümummilli liderin xatirəsini ehtiramla yad edib. Daha sonra nümayəndə heyəti Mingəçevir Su Elektrik Stansiyası, Azərbaycan İstilik Elektrik Stansiyası, Mingəçevir Su Anbarı və Mingəçevir Sənaye Parkını ziyarət edərək Azərbaycanın enerji infrastrukturu və sənaye potensialı ilə tanış olub.
Səfər Azərbaycan və İsrail arasında əməkdaşlığın regionlar səviyyəsində genişləndirilməsi, yeni tərəfdaşlıq imkanlarının müəyyənləşdirilməsi və iki ölkə arasında mövcud dostluq münasibətlərinin daha da möhkəmləndirilməsi istiqamətində mühüm addım kimi qiymətləndirilir.






