İsrailin müdafiə sektorunun ali rəhbərliyi ölkənin mümkün pilotsuz uçuş aparatı (PUA) hücumları ilə bağlı ciddi təhlükə ilə üzləşə biləcəyi barədə xəbərdarlıq edib.
Bu barədə Knessetin Xarici İşlər və Müdafiə Komitəsinin qapalı iclasında məlumat verilib. Bildirilib ki, Nazirlər Kabineti potensial təhlükə barədə məlumatlandırılıb, lakin mümkün hücumun hədəfləri və istiqaməti ilə bağlı detallar təhlükəsizlik səbəbindən açıqlanmır.
İclasda iştirak edən İsrail Müdafiə Qüvvələrinin (TSAHAL) və Milli Təhlükəsizlik Şurasının nümayəndələri ölkənin düşmənlərinin silah arsenalını genişləndirməyə davam etdiyini vurğulayıblar.
Məlumata görə, daha əvvəl partlayıcı maddələr daşıyan və ya optik lif texnologiyasından istifadə edən pilotsuz uçuş aparatlarının yaratdığı risklər fonunda əlavə təhlükəsizlik məhdudiyyətlərinin tətbiqi və bəzi növ dronların istifadəsinin qadağan edilməsi də müzakirə olunub.
Bununla belə, təhlükəsizlik qurumlarının nümayəndələri bildiriblər ki, sözügedən təhdidlərin qarşısının alınması üçün hələlik konkret qərar qəbul edilməyib. Bununla yanaşı, vəziyyətin aidiyyəti qurumlar tərəfindən daim nəzarətdə saxlanıldığı qeyd olunub.
Mənbə: cursorinfo.co.il