Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Ukraynaya səfəri çərçivəsində ukraynalı həmkarı Andriy Sıbiha ilə birlikdə Kiyevdə Ukrayna Xarici İşlər Nazirliyinin parkında yerləşən Memorial kompleksini ziyarət edib.
Nazirlər Ukraynanın azadlığı uğrunda həlak olan müdafiəçilərin xatirəsini ehtiramla yad edərək memorial önünə əklil qoyublar.
Rəsmi qarşılama mərasimindən sonra Ceyhun Bayramov və Andriy Sıbiha Ukrayna istehsalı olan pilotsuz uçuş aparatlarının (PUA) sərgisi ilə tanış olublar.
C. Bayramovun Ukraynaya səfəri çərçivəsində tərəflər arasında ikitərəfli münasibətlər, regional təhlükəsizlik və qarşılıqlı maraq doğuran digər məsələlərin müzakirəsi nəzərdə tutulur.






