Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) bildirib ki, 2020-ci ildə başa çatan İkinci Qarabağ müharibəsindən sonra mina partlayışları nəticəsində 433 nəfər həlak olub və ya xəsarət alıb.
Qurumun “X” sosial şəbəkəsində yaydığı məlumatda qeyd olunub ki, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində mina təhlükəsi hələ də yüksək olaraq qalır.
Bəyanatda avqustun 3-də Ağdərə rayonunda baş vermiş mina hadisəsi də xatırladılıb. Bildirilib ki, insident nəticəsində iki Azərbaycan vətəndaşı minaya düşərək ağır yaralanıb.
XİN baş verən hadisə fonunda beynəlxalq ictimaiyyəti Azərbaycanın mina ilə çirklənmiş ərazilərinin təmizlənməsi prosesinə daha fəal dəstək verməyə çağırıb.
Nazirlik vurğulayıb ki, bu faciə minaların insan həyatı üçün yaratdığı davamlı təhlükəni və dinc sakinlərin hər gün üzləşdiyi riskləri bir daha nümayiş etdirir. Bəyanatda qeyd olunub ki, minalardan təmizləmə işlərinin sürətləndirilməsi üçün beynəlxalq dəstəyin gücləndirilməsinə ciddi ehtiyac var. XİN-in fikrincə, minalardan azad gələcək dayanıqlı sülhün, inkişafın və insanların təhlükəsizliyinin əsas şərtlərindən biridir.
Mənbə: apa.az