Macarıstanın keçmiş xarici işlər naziri Peter Siyarto ehtimal olunan rüşvət alma ilə bağlı cinayət işi üzrə 3 ilədək azadlıqdan məhrum edilə bilər.
Əvvəllər araşdırmanı prokurorluq aparsa da, sonradan iş üzrə materiallar səlahiyyətlərinə uyğun olaraq Budapeşt Polis Baş İdarəsinə təhvil verilib.
Hazırda Siyarto artıq Macarıstan parlamentinin deputatı deyil və bu səbəbdən deputat toxunulmazlığından məhrum olub. Təqsiri sübuta yetiriləcəyi təqdirdə keçmiş diplomatı həbs cəzası gözləyə bilər.
Araşdırma Siyartonun Rusiyanın xarici işlər naziri Sergey Lavrovla telefon danışıqlarına aid səsyazıların sızması nəticəsində yaranan qalmaqal fonunda başlayıb.
Mövcud materiallara əsasən, Macarıstan Xarici İşlər Nazirliyinin keçmiş rəhbəri rusiyalı həmkarı ilə söhbət zamanı Avropa İttifaqı daxilində keçirilən qapalı görüşlər və müzakirələrlə bağlı məlumatları bölüşüb.
Bundan əlavə, Siyartonun Moskvaya Aİ-nin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaların yumşaldılması məsələsində kömək təklif etdiyi bildirilir. O, həmçinin Lavrovdan Macarıstan diplomatik xidmətinin Avropa İttifaqına üzv ölkələrin nazirlərinin iclaslarında istifadə edə biləcəyi arqumentlər təqdim etməsini xahiş edib.
İş üzrə araşdırma hazırda davam edir. Siyartonun təqsirli olub-olmadığı yalnız məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə müəyyən edilə bilər.
Mənbə: jnews.az
