İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Bəhreyndə yerləşən ABŞ-ın “Amazon” şirkətinə məxsus mərkəzi məlumat infrastrukturuna (data mərkəzinə) bir neçə qanadlı raketlə zərbə endirdiyini və obyektin tamamilə məhv edildiyini iddia edib.
Sözügedən hücumun “Nəsr 2” əməliyyatının 24-cü mərhələsi çərçivəsində həyata keçirildiyi bildirilib.
İran tərəfi iddia edib ki, zərbə ABŞ ordusunun bir gün əvvəl İranın Darkhovin bölgəsində tikilməkdə olan mülki obyektə endirdiyi hücuma cavab olaraq təşkil edilib.
Məlumata əsasən, hədəf alınan obyekt ABŞ-ın texnoloji infrastrukturunun mühüm elementlərindən biri hesab olunur.
SEPAH hücum nəticəsində “Amazon”un Bəhreyndəki məlumat mərkəzinin tamamilə məhv edildiyini iddia etsə də, bu məlumat hələlik müstəqil mənbələr tərəfindən təsdiqlənməyib.
Hazırda “Amazon”, ABŞ rəsmiləri və Bəhreyn hökuməti hadisə ilə bağlı rəsmi açıqlama verməyib. Buna görə də obyektə dəyən ziyanın miqyası və SEPAH-ın irəli sürdüyü iddiaların doğruluğu barədə dəqiq məlumat yoxdur.