Avropa İttifaqı rəsmi olaraq ABŞ-ın İrana qarşı iqtisadi təzyiqi artırmağa yönəlmiş kampaniyasına qoşulub.
Jnews.az xəbər verir ki, bunu ABŞ-ın maliyyə naziri Skott Bessent açıqlayıb. O, Avropalı tərəfdaşlarının bu addımını “qətiyyətli və vaxtında atılmış addım” kimi qiymətləndirib.
Bessentin sözlərinə görə, Vaşinqton və müttəfiqləri İranın nüvə proqramını, silah layihələrini və proksi-terrorçu qrupların fəaliyyətini maliyyələşdirmək məqsədilə qlobal maliyyə sistemindən istifadə etməsinin qarşısını almaq niyyətindədir.
“Dünya İran rejiminə aydın mesaj göndərir: bütün mövcud maliyyə kanalları bağlanana qədər dayanmayacağıq”, – Bessent “X” sosial şəbəkəsində yazıb.
“Economic Outcast” adlı kampaniya avqustun 24-də rəsmi olaraq başladılıb. Kampaniya İranla ticarət əlaqələrini davam etdirən ölkələrə qarşı məhdudlaşdırıcı tədbirlərin görülməsini nəzərdə tutur. ABŞ Maliyyə Nazirliyi kampaniyanı İranın qlobal maliyyə əlaqələrini kəsməyə yönəlmiş tədbirlər toplusu kimi təqdim edib.
Yeni strategiyanın icrası çərçivəsində ABŞ Maliyyə Nazirliyi sanksiya siyahısını genişləndirib. Siyahıya İran iqtisadiyyatı ilə əlaqəli 60 təşkilat, fiziki şəxs və gəmi daxil edilib.
Mənbə: oxu.az
