Nepalda ötən həftə baş verən dağıdıcı daşqın və torpaq sürüşmələrindən 9 gün sonra iki işçi hidroelektrik stansiyanın tunelindən sağ çıxarılıb.
Jnews.az xəbər verir ki, Nepalın “Upper Trishuli 3A” hidroelektrik stansiyasının tunelində aparılan axtarış-xilasetmə əməliyyatı nəticəsində Sanjay Sah və Kabir Maharjan adlı iki işçi sağ tapılıb. Onların tunelin təxminən 170 metr dərinliyində qaldığı bildirilir.
Xilas edilən şəxslər xəstəxanaya çatdırılıb. Məlumata görə, onların vəziyyəti stabildir. Xilasetmə zamanı tuneldən insanların səslərinin eşidilməsi əməliyyatın intensivləşdirilməsinə səbəb olub.
Minlərlə insan hələ də itkin düşüb
Nepal Xarici İşlər Nazirliyinin son məlumatına görə, daşqınlar nəticəsində 1 252 nəfərin meyiti aşkarlanıb, 4 216 nəfər isə hələ də itkin sayılır. Fəlakət nəticəsində 11 993 nəfər xilas edilib.
Axtarış-xilasetmə işləri xüsusilə hidroelektrik stansiyaların tunellərində davam etdirilir. Təxminən 900 işçinin müxtəlif hidroelektrik layihələrində itkin düşdüyü, onların bir hissəsinin tunellərdə qalmış ola biləcəyi bildirilir.
Nepal ordusu və digər xilasetmə qrupları ilə yanaşı, Hindistan, Çin və Cənubi Koreyadan olan mütəxəssislər də tunellərdə axtarış əməliyyatlarına cəlb olunub.
Fəlakətin 26 avqustda buzlaq uçqunu nəticəsində buz, qaya və palçıq kütlələrinin çay vadilərinə axması ilə başladığı bildirilir. Daşqınlar Nepalın şimal bölgələri ilə yanaşı, Çin ərazisindəki Tibet bölgəsinə də ciddi ziyan vurub.
Mənbə: nytimes.com
