Yenilənib: Avqust 31, 2026 11:25 səhər
Nepalın şimal rayonlarında ötən həftə baş verən daşqınlar nəticəsində həlak olanların sayı 903 nəfərə çatıb.
Jnews.az xəbər verir ki, bu barədə Nepalın Risklərin Azaldılması və Fəlakətlərin Nəticələrinin Aradan Qaldırılması üzrə Milli İdarəsi məlumat yayıb.
Qurumun rəsmi hesabatına əsasən, xilasedicilər indiyədək fəlakət zonalarından 10 461 nəfəri təxliyə ediblər. Genişmiqyaslı axtarış-xilasetmə işlərinə baxmayaraq, minlərlə insan hələ də itkin düşmüş hesab olunur.
Hakimiyyət orqanlarının məlumatına görə, 592 xarici vətəndaş da daxil olmaqla, təxminən 4,2 min nəfər itkin düşüb. Axtarış-xilasetmə əməliyyatları infrastrukturun dağılması və zərər çəkmiş rayonlara gediş-gəlişin çətin olması səbəbindən mürəkkəbləşir.
Energetika sektorunun əməkdaşlarının taleyi ilə bağlı da ciddi narahatlıq var. Təbii fəlakət nəticəsində su-elektrik stansiyasının ən azı 933 əməkdaşının tunellərdə qalması ehtimal edilir. Təcili xidmətlər onların yerinin müəyyənləşdirilməsi istiqamətində işləri davam etdirir.
