Yenilənib: Avqust 31, 2026 11:55 səhər
Azərbaycan Prezidenti İlham Əliyev Şimali Kipr Türk Respublikasının Prezidenti Tufan Erhürmana başsağlığı məktubu göndərib.
Jnews.az xəbər verir ki, dövlət başçısı Girnə yaxınlığında baş vermiş gəmi qəzası nəticəsində insanların həlak olması ilə bağlı Tufan Erhürmana, həlak olanların ailələrinə və yaxınlarına, eləcə də Şimali Kipr Türk Respublikasının xalqına dərin hüznlə başsağlığı verib.
Prezident İlham Əliyev xəsarət alanlara şəfa diləyib.
Girnə yaxınlığında sərnişin gəmisi batıb
Qeyd edək ki, avqustun 30-da Şimali Kiprin Girnə sahilləri yaxınlığında sərnişin gəmisi batıb. Gəmidə 267 nəfər olub. Hadisə nəticəsində 8 nəfər həlak olub, 18 nəfərin axtarışı davam etdirilir. 241 nəfər isə xilas edilib.
Gəmi Girnədən Türkiyənin Taşucu limanına doğru hərəkət edirmiş. Qəzanın səbəbləri ilə bağlı araşdırma aparılır. Xilasetmə əməliyyatlarında Türkiyə və Şimali Kipr Türk Respublikasının aidiyyəti qurumları iştirak edir.
