Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov sentyabrın 3-də ölkədə səfərdə olan ATƏT Parlament Assambleyasının (PA) Prezidenti Pere Xuan Pons Sampietro ilə görüşüb.
Jnews.az xəbər verir ki, görüşdə Azərbaycan ilə ATƏT PA arasında əməkdaşlıq gündəliyində duran məsələlər, ATƏT məkanında mövcud təhlükəsizlik çağırışları, regiondakı vəziyyət, eləcə də Azərbaycan-Ermənistan sülh gündəliyi müzakirə olunub.
Parlamentlərarası dialoqun əhəmiyyəti
Ceyhun Bayramov Azərbaycanın ATƏT Parlament Assambleyası ilə əməkdaşlığa önəm verdiyini bildirib. Nazir parlamentlərarası dialoqun ATƏT məkanında qarşılıqlı anlaşmanın, etimadın və əməkdaşlığın möhkəmləndirilməsində mühüm rol oynadığını qeyd edib.
Bu çərçivədə Milli Məclisin ATƏT PA çərçivəsində fəaliyyəti, qarşılıqlı səfərlər və müxtəlif səviyyələrdə keçirilən görüşlərin əlaqələrin inkişafına verdiyi töhfə vurğulanıb.
Mina təhlükəsi və itkinlər məsələsi
Görüşdə postmünaqişə dövrünün humanitar problemləri də diqqət mərkəzində olub. Ceyhun Bayramov azad edilmiş ərazilərdə bərpa və quruculuq işlərinə, keçmiş məcburi köçkünlərin geri qayıdışına və regional inkişafa mane olan mina təhlükəsinin ciddi problem olaraq qaldığını bildirib.
Nazir, həmçinin itkin düşmüş təxminən 4 min azərbaycanlının taleyinin müəyyənləşdirilməsinin vacibliyini vurğulayıb.
Enerji və nəqliyyat məsələləri
Tərəflər Azərbaycanın beynəlxalq və regional enerji təhlükəsizliyinə verdiyi töhfəni də müzakirə ediblər. Azərbaycanın Avropanın enerji təhlükəsizliyində etibarlı tərəfdaş kimi rolu, enerji mənbələrinin və marşrutlarının şaxələndirilməsi istiqamətində həyata keçirilən layihələr, eləcə də “yaşıl” enerji təşəbbüsləri barədə fikir mübadiləsi aparılıb.
Azərbaycanın nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşən ölkə kimi regional bağlantının inkişafına töhfəsi də qeyd olunub. Bu çərçivədə Avropa ilə Mərkəzi Asiyanı Xəzər dənizi üzərindən birləşdirən Orta Dəhlizin inkişaf etdirilməsinin və nəqliyyat-logistika imkanlarının genişləndirilməsinin əhəmiyyəti vurğulanıb.
Mərkəzi Asiya ilə əməkdaşlıq
Görüşdə Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə strateji tərəfdaşlığının inkişaf dinamikası da müzakirə olunub. C5 formatının C6 formatına çevrilməsinin əməkdaşlıq üçün yeni imkanlar yaratdığı bildirilib.
Tərəflər ATƏT məkanında mövcud çağırışlar və qarşılıqlı maraq doğuran digər regional və beynəlxalq məsələlər barədə də fikir mübadiləsi aparıblar.
Mənbə: ru.apa.az
