Yenilənib: Sentyabr 3, 2026 12:26 axşam
İsrail Sakit Okean Adaları Forumunda (PIF) inkişaf üzrə tərəfdaş statusu almaq üçün rəsmi müraciət edib. Məsələ avqustun 31-dən sentyabrın 4-dək Palau Respublikasında keçirilən forum liderlərinin 55-ci görüşü çərçivəsində nəzərdən keçirilir.
Jnews.az xəbər verir ki, İsrail üçün bu addım BMT də daxil olmaqla beynəlxalq təşkilatlarda ənənəvi olaraq İsrailə diplomatik dəstək verən Sakit okean ölkələri ilə əlaqələri möhkəmləndirmək strategiyasının bir hissəsidir.
Son zamanlar İsrailin regiondakı diplomatik fəallığı da intensivləşib. İyun ayında İsrail Fici Respublikasının paytaxtı Suvada rezident səfirliyini açıb. İsrailin xarici işlər naziri Gideon Saar səfirliyi ölkəsinin Sakit okeandakı mənafelərinə xidmət edən regional missiya kimi təsvir edib.
Maya Yaron İsrailin Ficidəki səfiri təyin edilib. Onun Tayvan və Pekindəki İsrail missiyalarında əvvəlki fəaliyyəti Çin və Tayvan arasında davam edən mürəkkəb rəqabət fonunda regiondakı diplomatik proseslərə uyğunlaşmaq üçün mühüm təcrübə kimi qiymətləndirilir.
Əvvəllər, 2023-cü ildə Papua-Yeni Qvineya Qüdsdə səfirlik açıb, Fici isə orada ilk rezident səfirliyini təsis edib. Nauru Respublikası da oxşar niyyətini bildirib.
Bu addımlar Fici, Mikroneziya, Nauru, Palau, Papua-Yeni Qvineya, Tonqa və Marşall adaları da daxil olmaqla bir sıra Sakit okean ada dövlətlərinin BMT Baş Assambleyasındakı səsvermələr zamanı İsraili ardıcıl olaraq dəstəklədiyi bir vaxta təsadüf edir.
İnkişaf üzrə tərəfdaş statusunun əldə edilməsi İsrailə forumun təşəbbüslərində, o cümlədən Sakit Okean Dayanızlıq Fondunun (Pacific Resilience Facility) yaradılması kimi layihələrdə iştirak etməyə imkan verəcək.
Qüds konkret bir ada dövlətinin qlobal geosiyasi qarşıdurmadakı mövqeyindən asılı olmayaraq, öz təcrübəsinin region üçün faydalı olduğunu nümayiş etdirməyi hədəfləyir.
Mənbə: jns.org
