Azərbaycanda 3 yaşlı uşağın ət maşınında ağır yaralanan sol əli mürəkkəb mikrocərrahi əməliyyatla bərpa edilib.
Jnews.az xəbər verir ki, hadisədən təxminən 7 saat sonra uşaq Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Plastik və Rekonstruktiv Cərrahiyyə Klinikasına çatdırılıb.
Ağır travmatik amputasiya
Ət maşınında sıxılma nəticəsində uşağın sol əl biləyi və əl daraqları, həmçinin baş, işarə, orta və üzük barmaqları metakarpofalangeal oynaqlar səviyyəsində tam amputasiya olunub.
Xəstənin vəziyyəti qiymətləndirildikdən sonra o, təcili olaraq əməliyyata hazırlanıb. Mürəkkəb rekonstruktiv əməliyyat mikrocərrahlar Dilqəm Məmmədov, Bəxtiyar Qasımov və Abidin Həsənlidən ibarət komanda tərəfindən, anestezioloqlar Mail Sədiyev və Dayaq Əhmədlinin iştirakı ilə həyata keçirilib.
Əməliyyat zamanı bilək və əl daraqlarının sümük strukturları anatomik vəziyyətə gətirilərək daxili fiksasiya olunub. Daha sonra əlin fleksor və ekstensor vətərləri, radial və ulnar arteriyalar, median və ulnar sinirlər, eləcə də müvafiq barmaq arteriyaları və sinirləri mikrocərrahi üsullarla bərpa edilib.
Uşağın vəziyyəti stabildir
Təxminən 8 saat davam edən əməliyyatın bütün mərhələləri uğurla tamamlanıb.
Əməliyyatdan sonra uşaq 24 saat ərzində reanimasiya şöbəsində intensiv müşahidə altında saxlanılıb. Vəziyyəti stabil olduqdan sonra əməliyyatın ikinci günündə ümumi palataya köçürülüb.
Hazırda uşağın vəziyyəti qənaətbəxş qiymətləndirilir.
Mənbə: report.az



