Yenilənib: Sentyabr 1, 2026 11:16 səhər
Azərbaycan və Ermənistan arasında sülh gündəliyi üzrə danışıqlar Bişkekdə dövlət başçılarının görüşündən sonra davam etdirilib.
Jnews.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.
Onun sözlərinə görə, müzakirələr Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla keçirilən görüş zamanı davam etdirilib.
Hikmət Hacıyev danışıqların keçirildiyini təsdiqləyən birgə fotoşəkli də paylaşıb.
Qeyd edək ki, avqustun 31-də Qırğızıstanın paytaxtı Bişkekdə Azərbaycan Prezidenti İlham Əliyev ilə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında görüş keçirilib. Görüş zamanı tərəflər ikitərəfli gündəliyin aktual məsələlərini müzakirə ediblər.
Mənbə: news.day.az
