Yenilənib: Sentyabr 1, 2026 10:54 səhər
Azərbaycan rəsmi olaraq Rəqəmsal Əməkdaşlıq Təşkilatının (DCO) üzvü olub.
Jnews.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən bildirilib.
Qeyd olunub ki, üzvlük Azərbaycanın rəqəmsal siyasət və texnoloji standartlar sahəsində qabaqcıl beynəlxalq təcrübələrdən yararlanmasına yeni imkanlar yaradacaq.
DCO-ya üzvlük Azərbaycanın texnologiya sektoru üçün də yeni imkanlar açacaq. Yerli startaplar təşkilata üzv ölkələrin bazarlarına çıxış üçün yeni imkanlar əldə edəcək, birgə akselerasiya proqramlarında iştirak edə və vençur fondlarından investisiya cəlb edə biləcəklər.
Əməkdaşlıq çərçivəsində Azərbaycan elektron hökumət sisteminin təkmilləşdirilməsi, süni intellektin tətbiqi və dövlət idarəçiliyində ağıllı texnologiyalardan istifadə istiqamətində təşkilata üzv ölkələrin təcrübəsindən yararlanmağı planlaşdırır.
Gözlənilir ki, bu əməkdaşlıq Azərbaycanın Cənubi Qafqaz və Mərkəzi Asiyanı birləşdirən rəqəmsal körpü kimi mövqeyinin güclənməsinə də töhfə verəcək.
Azərbaycan isə öz növbəsində DCO platformasında informasiya-kommunikasiya texnologiyaları sahəsində əldə etdiyi nailiyyətləri, o cümlədən Rəqəmsal İnkişaf Şurasının layihələrini təqdim etməyi planlaşdırır.
Təcrübə mübadiləsinin ölkənin rəqəmsal məhsul və xidmətlər sektorunda ixrac potensialının artırılmasına imkan yaradacağı gözlənilir.
Mənbə: report.az
