Yenilənib: Sentyabr 4, 2026 1:50 axşam
Bakıda Arıçılıq Məhsullarının 26-cı Respublika Sərgi-Satış Yarmarkası keçiriləcək.
Jnews.az xəbər verir ki, yarmarka Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində fəaliyyət göstərən Aqrar Tədarük və Təchizat ASC və Azərbaycan Arıçılar Assosiasiyasının birgə təşkilatçılığı ilə keçiriləcək.
Yarmarkada iştirak etmək istəyən arıçılar üçün qeydiyyat sentyabrın 7-də saat 11:00-da başlayacaq və sentyabrın 9-u saat 23:59-dək davam edəcək. Müraciətlər “bal.kendden.az” portalı vasitəsilə onlayn qaydada qəbul ediləcək.
Qeydiyyat yalnız 2026-cı il sentyabrın 1-dək Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində (EKTİS) təsərrüfatında ən azı 40 arı ailəsinin olduğunu bəyan etmiş fermerlər üçün açıq olacaq. Yarmarkada iştirak üçün müraciəti təsdiqlənən namizədlərə bu barədə SMS vasitəsilə məlumat veriləcək.
Hər bir arıçı yarmarkada qablaşdırmanın çəkisi də daxil olmaqla, maksimum 450 kiloqram bal və 30 arı şanı satışa çıxara bilər.
Yarmarkada iştirak üçün müraciətin təqdim edilməsi və laboratoriya analizləri ödənişli olacaq.
Məhsulların keyfiyyətinə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi nəzarət edəcək. Agentliyin mütəxəssisləri məhsullardan nümunələr götürərək onların saxaroza tərkibini laboratoriya şəraitində yoxlayacaqlar. Keyfiyyət və qida təhlükəsizliyi standartlarına uyğun olmayan məhsulların satışına icazə verilməyəcək.
Yarmarkanın təşkilatçıları iştirakçıları satış yerləri və zəruri ləvazimatlarla təmin edəcəklər. Bundan əlavə, arıçılara yarmarka çərçivəsində marketinq və PR dəstəyi göstəriləcək.
Mənbə: report.az
