İsrail ordusu Livanın cənubunda yerləşən strateji Əli əl-Taher silsiləsi üzərində əməliyyat nəzarətini ələ keçirdiyini açıqlayıb.
Jnews.az xəbər verir ki, İsrail Müdafiə Nazirliyinin məlumatına görə, hərbçilər ərazidə “Hizbullah”ın iki əsas yeraltı tunel marşrutunu aşkarlayaraq terrorçulardan təmizləyib. Əməliyyat zamanı bəzi “Hizbullah” üzvlərinin öldürüldüyü, digərlərinin isə ərazidən qaçdığı bildirilib.
Əli əl-Taher silsiləsi Livanın cənubunda strateji əhəmiyyət daşıyan yüksəkliklərdən biri hesab olunur. Təxminən 600 metr yüksəklikdə yerləşən bu ərazi İsrail sərhədindən 15 kilometr məsafədədir və ətraf ərazilərə hakim mövqedə yerləşir.
İsrail tərəfi silsilənin altında “Hizbullah”ın komanda məntəqələri, silah anbarları, generatorlar və uzunmüddətli yaşayış üçün nəzərdə tutulmuş digər infrastrukturun aşkarlandığını bildirib. Ordunun məlumatına görə, həmin yeraltı şəbəkədən döyüş əməliyyatlarının idarə olunması üçün istifadə edilib.
İsrailin müdafiə naziri İsrael Kats Əli əl-Taher silsiləsinə nəzarətin Livanın cənubunda yaradılan təhlükəsizlik zonasının möhkəmləndirilməsi baxımından mühüm addım olduğunu bildirib.
Mənbə: nytimes.com
