İsrail Prezidenti İsxak Hersoq Bəhreynlə qurulan əlaqələrin yəhudi və müsəlman xalqlarının dinc yanaşı yaşaması üçün mühüm model olduğunu bildirib. O, bu münasibətlərin regional sabitlik və əməkdaşlıq baxımından əhəmiyyətini vurğulayıb.
Yerusəlimdə keçirilən tədbirdə çıxış edən İ. Hersoq Bəhreyn Kralı Həməd bin İsa Əl Xəlifə ilə baş tutan bir saatlıq telefon danışığı barədə məlumat verib. Prezidentin sözlərinə görə, tərəflər regional məsələləri, sülh axtarışını, eləcə də regionda terrora və nifrətə qarşı mübarizəni müzakirə ediblər. İ. Hersoq Bəhreyn kralını “İbrahim razılaşmaları”nın Yaxın Şərqin gələcəyi üçün təməl daşı olduğuna inanan cəsarətli lider adlandırıb.
İ. Hersoq həmçinin İsrailin Baş naziri Benyamin Netanyahuya ABŞ-yə səfəri və Prezident Donald Trampla planlaşdırılan görüşündə uğurlar arzulayıb.
“İbrahim razılaşmaları”nın genişlənməsi
Xatırladaq ki, Bəhreyn 2020-ci ildə Birləşmiş Ərəb Əmirlikləri ilə birlikdə İsrail və ərəb dövlətləri arasında əlaqələrin normallaşmasını nəzərdə tutan “İbrahim razılaşmaları”na qoşulub. Həmin ilin dekabrında Mərakeş, 2021-ci ildə isə Sudan müqaviləni imzalayıb.
2025-ci ildə isə Donald Tramp Qazaxıstanın bu razılaşmaya qoşulmağa razılıq verdiyini açıqlayıb. Bundan əlavə, ABŞ prezidenti iyulun 23-də Səudiyyə Ərəbistanı ilə mülki nüvə enerjisi sahəsində müqavilənin imzalanmasını Ər-Riyadın sözügedən razılaşmaya qatılması şərti ilə əlaqələndirib.
Mənbə: jns.org
