Suriya Prezidenti Əhməd əş-Şaraa “Əl-Cəzirə” telekanalına müsahibəsində ölkəsinin İsraillə təhlükəsizlik sazişi üzərində işlədiyini bəyan edib. Onun sözlərinə görə, bu razılaşma gələcəkdə iki qonşu dövlət arasında hərtərəfli sülhə zəmin yarada bilər.
Prezident qeyd edib ki, Dəməşq və Qüds arasındakı danışıqlara bir neçə ölkə cəlb olunub. Müzakirələrin əsas məqsədi Bəşər Əsədin 2024-cü ildə devrilməsindən sonra İsrail ordusunun ələ keçirdiyi bufer zonasından çıxmasını təmin edəcək razılaşma əldə etməkdir.
Rəsmi diplomatik əlaqələri olmayan və müharibə vəziyyətində olan iki ölkə indiyədək ABŞ-ın dəstəyi ilə bir neçə danışıqlar mərhələsi keçirib. Yanvar ayında tərəflər kəşfiyyat məlumatlarının mübadiləsi mexanizmini yaratmaq, həmçinin diplomatiya və ticarət imkanlarını təşviq etmək barədə razılığa gəliblər. Hazırda 1974-cü ildə imzalanmış və BMT-nin nəzarətində olan bufer zonasını müəyyən edən razılaşmanın bərpasına yönəlmiş genişmiqyaslı təhlükəsizlik danışıqları davam edir.
Əhməd əş-Şaraa əlavə edib ki, Suriya 1967-ci ildə İsrail tərəfindən tutulan Qolan təpələrinə dair iddialarından imtina etmədən bu cür razılaşmanın hərtərəfli sülh danışıqlarına gətirib çıxaracağına ümid edir. O, həmçinin Dəməşqin İsraillə qarşıdurmada maraqlı olmadığını və bundan qaçmağa çalışdığını vurğulayıb.
Livana müdaxilə çağırışları rədd edilir
ABŞ prezidenti Donald Trampın Suriyanın Livandakı “Hizbullah” qruplaşmasına qarşı hərbi müdaxilə edə biləcəyi ilə bağlı fikirlərinə münasibət bildirən Əhməd əş-Şaraa ölkəsinin belə bir niyyətinin olmadığını açıqlayıb. O qeyd edib ki, Dəməşq hərbi əməliyyatlar əvəzinə “Hizbullah”ın tərksilah edilməsi cəhdlərində Livan hökumətini dəstəkləmək yollarını axtaracaq.
Qeyd edək ki, Donald Tramp dəfələrlə Suriyanı Livana hərbi müdaxiləyə çağırıb. Lakin 2024-cü ilin sonlarında hakimiyyətə gəldikdən bəri diqqətini Suriyanın bərpasına yönəldən Əhməd əş-Şəraa “Hizbullah”la müharibə ideyasını davamlı olaraq rədd edir. Prezident xəbərdarlıq edib ki, Livanda hər hansı münaqişənin başlanması mütləq Suriyaya da təsir göstərəcək və müharibənin genişlənməsi böyük regional böhrana səbəb ola bilər.
Mənbə: timesofisrael.com
