Yenilənib: Sentyabr 11, 2026 12:13 axşam
İsrail ordusu Livanın cənubundakı Əli əl-Tahhar silsiləsində “Hizbullah”a məxsus olduğu bildirilən yeraltı infrastrukturun məhv edilməsini əks etdirən yeni görüntülər yayıb.
Jnews.az xəbər verir ki, İsrail Müdafiə Ordusunun (SAXAL) məlumatına görə, 36-cı diviziyanın qüvvələri Əli əl-Tahhar silsiləsində yerləşən yeraltı tunel marşrutlarını məhv edib. Əməliyyatdan əvvəl ordu ərazidə yerüstü və yeraltı operativ nəzarəti təmin edib.
Bildirilib ki, məhv edilən yeraltı infrastrukturun ümumi uzunluğu 2 kilometrdən çox olub. Tunellərdə İran istehsalı olan onlarla raket, müxtəlif raket sistemləri və pilotsuz uçuş aparatları, həmçinin pulemyotlar, onlarla tank əleyhinə raket, yüzlərlə mina və partlayıcı qurğu aşkarlanıb.
İsrail ordusunun məlumatına görə, yeraltı kompleksdə “Hizbullah”ın “Bədr” bölməsinin əsas komanda mərkəzi yerləşib. Burada komanda məntəqələri, silah-sursat otaqları və döyüşçülərin uzun müddət qalmasına imkan verən yaşayış sahələri olub. SAXAL bu infrastrukturun təxminən 20 il ərzində yaradıldığını bildirir.
İsrail ordusu qeyd edib ki, əməliyyat bir neçə ay davam edib. Bu müddət ərzində ərazidə gizlənən “Hizbullah” üzvlərinə təslim olmaq imkanı verildiyi, lakin onların bundan imtina etdiyi bildirilib.
Rəsmi məlumata görə, tunellərdə olan döyüşçülərin bir qismi öldürülüb, digərləri isə ərazidən qaça bilib.
İsrail ordusunun sözçüsü, briqada generalı Effi Defrin Əli əl-Tahhar silsiləsində aparılan əməliyyatı yerüstü manevr, aldatma və xüsusi mühəndis əməliyyatlarını əhatə edən mürəkkəb proses kimi təqdim edib. Onun sözlərinə görə, 36-cı diviziyanın qüvvələri silsiləyə gözlənilməz istiqamətdən daxil olaraq ərazi üzərində nəzarəti ələ keçirib, daha sonra isə tunel infrastrukturu təmizlənərək məhv edilməyə hazırlanıb.
Yeraltı infrastrukturun məhv edilməsi ilə “Hizbullah”ın həmin ərazidən İsrail ordusuna qarşı hücumlar planlaşdırmaq və həyata keçirmək imkanlarının qarşısının alınması hədəflənib.
