İsrail Müdafiə Qüvvələri (SAXAL) Livanın cənubundakı Tebnit kəndində xüsusi əməliyyat keçirib. Əməliyyat nəticəsində yeraltı kompleksdə gizlənən onlarla “Hizbullah” üzvü mühasirəyə alınıb.
İsrail hərbçiləri kompleksin bütün giriş və çıxışlarını bağlayaraq döyüşçülərin hərəkətini tamamilə məhdudlaşdırıblar. Hadisədən sonra müxtəlif vasitəçilər mühasirədə qalanların təhlükəsiz çıxarılması üçün danışıqlara cəhd göstəriblər.
Lakin İsrailin təhlükəsizlik mənbələri vasitəçilərə birmənalı və sərt cavab verib. SAXAL-ın mövqeyi belə ifadə olunub:
Təslim olun, ya da yeraltı sistemin daxilində məhv ediləcəksiniz.
Danışıqların gedişi haqqında məlumatlı mənbələr bildirir ki, “Hizbullah” üzvlərinin qüvvədə olan atəşkəs çərçivəsində təslim olmaq imkanı var. Buna baxmayaraq, onlar hələ də yeraltı kompleksdə qalmağa üstünlük verirlər.
İsrail bu vəziyyəti bölgənin silahlı qruplardan və “Hizbullah”ın hərbi infrastrukturundan təmizlənməsi üçün yeni bir modelin sınağı kimi dəyərləndirir. Məsələ ilə tanış olan mənbələr vəziyyətin hər an dəyişə biləcəyini qeyd edirlər.