İsrail Dövlət Arxivləri 1976-cı ildə baş vermiş Entebbe girov böhranı ilə bağlı minlərlə səhifəlik məxfi sənədin üzərindəki “məxfi” möhürünü götürərək ictimaiyyətə təqdim edib.
Sənədlər “Air France”-a məxsus təyyarənin qaçırılmasından başlayaraq, Uqandanın Entebbe hava limanında girovların uğurla azad edilməsinə qədər İsrail hökumətinin qəbul etdiyi qərarları və apardığı müzakirələri ətraflı şəkildə əks etdirir.
Arxiv materiallarına o zamankı Baş nazir İzak Rabinin xüsusi təhlükəsizlik qrupu ilə keçirdiyi müşavirələrin qeydləri, Nazirlər Kabineti və Təhlükəsizlik Kabinetinin tam iclas protokolları, yeni açıqlanan səs yazıları, eləcə də diplomatik yazışmalar daxildir.
Sənədlərə əsasən, İzak Rabin Nazirlər Kabinetinin iclasını yarımçıq dayandıraraq “Air France” təyyarəsinin qaçırıldığını nazirlərə çatdırıb və Fransanın İsrail sərnişinlərinin təhlükəsizliyinə görə birbaşa məsuliyyət daşıdığını vurğulayıb.
Hökumət terrorçularla danışıqlar aparılması variantını nəzərdən keçirməklə yanaşı, paralel olaraq xüsusi xilasetmə əməliyyatı da hazırlayıb. Nəticədə, 4 iyul 1976-cı ildə Entebbe hava limanında uğurlu hərbi əməliyyat həyata keçirilib.
Əməliyyat zamanı israilli girovlar və “Air France”-ın fransız ekipaj üzvləri azad edilib. Lakin dörd nəfər həyatını itirib. Həlak olanlar arasında İsrailin elit “Sayeret Matkal” xüsusi təyinatlı birliyinin komandiri, polkovnik-leytenant Yonatan (Yoni) Netanyahu da olub.
Əməliyyat əvvəlcə “Entebbe əməliyyatı” və ya “İldırım zərbəsi” adlandırılsa da, sonradan Yoni Netanyahunun xatirəsinə “Yonatan əməliyyatı” adını alıb.
Girovların azad edilməsi məqsədilə Uqanda lideri İdi Aminlə danışıqlar aparan İsrailin keçmiş hərbi attaşesi, polkovnik Barux Bar-Levin beş telefon danışığının stenoqramı da dərc olunub.
Arxivdə Holokostdan sağ çıxmış girov İzak Davidin müsahibəsi də yer alıb. O, israilli sərnişinlərin digər girovlardan ayrı seçilməsinin onda Holokost dövrünün acı xatirələrini yenidən canlandırdığını bildirib.
Kolleksiyaya həmçinin İsrail və Fransa arasında aparılmış diplomatik yazışmalar, girovların vətəndaşı olduqları ölkələrin hökumətləri ilə əlaqələr, BMT Təhlükəsizlik Şurasındakı müzakirələr, əməliyyatdan sonra İzak Rabinə dünya liderləri və vətəndaşlardan göndərilən məktublar, eləcə də Yoni Netanyahuya aid sənədlər və fotolar daxil edilib.
İsrail Dövlət Arxivləri bu materialları Entebbe əməliyyatının 50 illiyi münasibətilə hazırlanmış xüsusi onlayn arxiv layihəsi çərçivəsində ictimaiyyətə təqdim edib.
