Yenilənib: Avqust 11, 2026 4:47 axşam
London sakini Riçard Kendal Britaniyanın aparıcı hakimlərinə və məhkəmə sisteminin digər nümayəndələrinə qarşı sistemli təqib, qisas təhdidləri və antisemit məzmunlu hücumlara görə müddətsiz məcburi psixiatrik müalicəyə göndərilib.
Müvafiq qərarı cəmiyyətin təhlükəsizliyinin təmin edilməsi məqsədilə Kinqston Kral Məhkəməsinin hakimi Markus Tregilqas-Devi çıxarıb.
Məhkəmə araşdırması zamanı 62 yaşlı Kendalın 2009-cu ildə başa çatan boşanmasından sonra “məhkəmə sui-qəsdi” ilə bağlı sayıqlama formalaşdırdığı və psixozdan əziyyət çəkdiyi müəyyən edilib.
Bu ilin martında Kendal səhhəti ilə əlaqədar məhkəmə qarşısında dayanmaq üçün yararsız hesab edilib. Bundan sonra münsiflər heyəti təqdim olunan sübutları araşdıraraq onun təxminən 50 hakimə təhqiramiz məktublar göndərdiyini müəyyən edib.
Kendal, həmçinin baş hakim Pol Qoldsprinqi irqi zəmində təqib edib, Yüksək Məhkəmənin Ailə Şöbəsinin sabiq sədri ser Endryu Makfarleyni və hüquq məsləhətçisi Elizabet Hardini təqib və hədələyib. Bundan əlavə, o, keçmiş həyat yoldaşı Rut Qarnerlə bağlı məhkəmə qərarını pozub.
2024-cü ilin yanvarından ötən ilin iyuluna qədər baş hakim Pol Qoldsprinq Kendaldan yüzlərlə elektron məktub alıb. Məktublarda ölüm təhdidləri, antisemit ifadələr və Holokosta istinadlar yer alıb.
Məktublardan birində yəhudi olan Kendal öz mağazasında Holokostu əks etdirən təsvirlər və hakimin bu hadisələrdə şərikliyinə işarə edən QR-kod yerləşdirdiyini bildirib.
Bundan əlavə, 2024-cü ilin aprelində Kendal Qoldsprinqlə şəxsən qarşılaşmağa cəhd edib və iki dəfə Vestminster Maqistrat Məhkəməsinə gedib.
Ailə Şöbəsinin sabiq sədri ser Endryu Makfarleynin təqibi isə 2021-ci ildə başlayıb. Həmin ilin yanvarında Kendal ona ürək əməliyyatına istinad edən və “itləri üstünə salacağı” barədə hədə-qorxu gələn məktub göndərib.
2024-cü ilin yanvarında Kendal hakim Arbatnota qarşı xüsusi ittiham qaydasında cinayət təqibinə başlamağa cəhd edib. O, hüquq məsləhətçisi Elizabet Hardini də fiziki zorakılıqla hədələyib.
Baş hakim Pol Qoldsprinq məhkəmədə Kendalın hərəkətlərinin onda ciddi təşviş yaratdığını bildirib. O, məhkəmə binasını tərk edərkən həm özünün, həm də ailəsinin təhlükəsizliyi ilə bağlı narahatlıq keçirdiyini deyib.
Hüquq məsləhətçisi Elizabet Hardi də təhdidləri həyatı üçün real təhlükə kimi qəbul etdiyini təsdiqləyib.
Prokuror Lora Blekband bildirib ki, Kendal 13 illik nikahının sona çatması və boşanmanın maliyyə şərtləri ilə barışa bilməyib. Onun sözlərinə görə, Kendal illərini məhkəmə çəkişmələrinə və şəxsi qisas almağa sərf edib.
Polis tərəfindən dindirilərkən Kendal məktubları göndərdiyini xatırlamadığını bildirib. O, elektron poçt hesabının hökumət tərəfindən sındırıldığını iddia edib və “həyatı məhv olana qədər” multimilyoner olduğunu söyləyib.
2013-cü ildə məhkəmə tərəfindən qoyulmuş qadağaya baxmayaraq, Kendal beş ay ərzində keçmiş həyat yoldaşına 33 təhqiramiz məktub da göndərib.
Kendalı müddətsiz psixiatrik müalicəyə göndərən hakim Tregilqas-Devi onun hakimiyyət nümayəndələrinin sui-qəsdi barədə fikirlərə aludə olaraq qaldığını və boşanma ilə bağlı incikliyin həyatını məhv etməsinə imkan verdiyini bildirib.
Məhkəmə, həmçinin Kendala ser Endryu Makfarleyn, Pol Qoldsprinq, Rut Qarner, Elizabet Hardi və təqaüddə olan hakim ser Nikolas Mostinlə əlaqə saxlamağı qadağan edən yeni mühafizə qərarı çıxarıb.
Mənbə: thejc.com
