Yenilənib: Avqust 11, 2026 5:11 axşam
İsrailin MOSSAD kəşfiyyat xidmətinin keçmiş rəhbəri Yossi Koen İranın yeraltı Fordo nüvə obyektinin İsrail kəşfiyyatı tərəfindən dəfələrlə və son dərəcə yaxından öyrənildiyini bildirib. Çərşənbə axşamı Qaliley Konfransında çıxış edən Koen, kəşfiyyat qurumunun Fordo kompleksini ətraflı şəkildə araşdırdığını diqqətə çatdırıb.
Çıxışı zamanı keçmiş kəşfiyyat rəhbəri, “Obyekti başa düşmək üçün Fordo nüvə obyektini dəfələrlə gəzdik”, – deyə vurğulayıb. Lakin Koen bu ifadə ilə konkret olaraq nəyi nəzərdə tutduğuna dair ətraflı açıqlama verməyib.
Keçmiş MOSSAD rəhbəri Birləşmiş Ştatların Fordo nüvə obyektinə endirdiyi aviazərbələrə də münasibət bildirib. O, ABŞ-ın bu addımını dəstəkləyərək, “Amerikalıların obyekti bombalaması bütün arzularımın gerçəkləşməsi idi”, – deyə qeyd edib.
Koen İranın 60 faizə qədər zənginləşdirilmiş uran ehtiyatları məsələsinə də toxunub. O bildirib ki, uranın bu səviyyədə zənginləşdirilməsi nüvə silahının hazırlanmasının dərhal reallaşması mənasına gəlmir.
Qum şəhərinin cənubunda, dağın daxilində inşa edilmiş Fordo kompleksi İranın nüvə proqramının ən mühüm və ciddi şəkildə mühafizə olunan obyektlərindən biri hesab edilir. Obyektin yeraltı yerləşməsi uzun illər ərzində İranın nüvə infrastrukturuna ehtimal olunan zərbələr baxımından ciddi maneə yaradıb.
ABŞ 2025-ci ilin iyununda İrandakı nüvə obyektlərinə qarşı həyata keçirdiyi zərbələr çərçivəsində Fordo kompleksini də hədəfə alıb. Əməliyyat zamanı ABŞ Hərbi Hava Qüvvələrinin B-2 bombardmançı təyyarələrindən istifadə olunub və möhkəmləndirilmiş yeraltı obyektləri məhv etmək üçün nəzərdə tutulan GBU-57 bunkerəleyhinə bombalarla zərbələr endirilib.
