Yenilənib: Avqust 11, 2026 3:41 axşam
ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının (CENTCOM) komandanı admiral Bred Kuper İsrail Müdafiə Ordusunun (SAXAL) yüksək rütbəli zabitləri ilə qapalı görüş keçirib.
Görüş zamanı B. Kuper ABŞ-ın İsrail qarşısındakı müttəfiqlik öhdəliklərinin dəyişməz olaraq qaldığını və iki ölkənin silahlı qüvvələri arasında əməkdaşlığın yüksək qiymətləndirildiyini vurğulayıb.
İsrail komandirlərinə müraciət edən B. Kuper iki ölkənin hərbçiləri arasında qarşılıqlı fəaliyyətin tarixi nəticələr əldə etməyə imkan verdiyini bildirib. Onun sözlərinə görə, müttəfiqlərin əməkdaşlığını ifadə etmək üçün tez-tez istifadə olunan “çiyin-çiyinə” ifadəsi ABŞ və İsrail arasındakı hərbi əməkdaşlığın real əməliyyat şəraitini dəqiq əks etdirir.
“Birlikdə təsəvvür belə edə bilməyəcəyimiz şeylərə nail olduq. Birgə nailiyyətlərimiz tarixi əhəmiyyət daşıyır. Siz döyüşçülər millətisiniz və burada əyləşənlər həmin döyüşçülərin liderləridir. Sizinlə çiyin-çiyinə xidmət etməkdən qürur duyuram. Biz sizə dərin və dəyişməz dərəcədə sadiqik”, – deyə B. Kuper bildirib.
Cavab nitqində SAXAL Baş Qərargahının rəisi general-leytenant Eyal Zamir admiral B. Kuperə iki ölkənin silahlı qüvvələri arasında sıx koordinasiyaya görə təşəkkür edib.
E. Zamir ABŞ hərbçiləri ilə əməkdaşlığı “bənzərsiz” adlandırıb və bu əməkdaşlığı “strateji dayaq” kimi xarakterizə edib.
Mənbə: haqqin.az
