İranın Ukraynaya qarşı mümkün ballistik raket zərbələrinin Rusiyanın nəzarətində olan hava məkanı üzərindən həyata keçirilə biləcəyi iddia olunur. Bu barədə hərbi-analitik platforma eRadar-ın dərc etdiyi təhlildə bildirilib.
Təhlilə əsasən, ballistik raketlər uçuşlarının böyük hissəsini atmosferin sıx qatlarından xeyli yuxarıda – stratosferdə və ya ondan da yüksək hündürlüklərdə keçdiyi üçün İranın şimalından Ukraynaya ən qısa marşrut Xəzər dənizi və Rusiyanın Volqoqrad vilayəti üzərindən uzanır.
Bildirilir ki, Türkiyə və Cənubi Qafqaz ölkələrinin hava məkanını yan keçən bu trayektoriya İranın şimal bölgələrindən, o cümlədən Rəşt və ya Xəzər dənizi sahillərindən başlayaraq Xəzər dənizini keçir, daha sonra Rusiyanın Həştərxan və Volqoqrad vilayətləri üzərindən Ukraynanın mərkəzi hissələrinə istiqamətlənir.
Analitiklərin hesablamalarına görə, İranın şimal sərhədindən bu marşrut üzrə Ukraynaya qədər məsafə təxminən 1900–2200 kilometr təşkil edir. Təhlildə qeyd olunur ki, Xəzər dənizinin şimal hissəsi üzərindəki hava məkanı Rusiyanın nəzarəti altındadır.
eRadar hesab edir ki, belə bir ssenari reallaşarsa, Tehran Shahab-3 (təxminən 2 000 km), Sejjil və ya Ghadr-110 (2 000–2 500 km), eləcə də Kheibar/Khorramshahr (2 000 km-ə qədər) tipli orta mənzilli ballistik raketlərdən istifadə edə bilər.
Təhlildə ehtimal olunur ki, mümkün ssenari raketin İran ərazisindən buraxılması, Xəzər dənizinin beynəlxalq və ya İran suları üzərindən uçaraq Rusiyanın hava məkanına daxil olması və daha sonra Ukrayna istiqamətində hərəkətini davam etdirməsindən ibarət ola bilər.
