İsrailin müdafiə naziri Israel Kats “Kanal 14”-ə müsahibəsində Qəzza zolağı, Livan, Suriya, Türkiyə, ABŞ ilə münasibətlər, Yəhudeya və Samariyada yaşayış məntəqələrinin genişləndirilməsi, eləcə də regional diplomatik proseslərlə bağlı geniş açıqlamalar verib.
“İranda məqsədlərimizin 80–90 faizinə nail olmuşuq”
İ. Kats bildirib ki, İsrail İranla qarşıdurmada tarixi nəticələr əldə edib və bu uğurların qorunması üçün zərurət yaranacağı təqdirdə yenidən hərbi əməliyyatlara başlayacaq.
Onun sözlərinə görə, İsrail ABŞ ilə birlikdə İranın nüvə proqramına, hərbi sənayesinə və strateji obyektlərinə ağır zərbələr endirib.
“Biz mühüm nəticələr əldə etdik. İrana iki dəfə zərbə endirdik və onun nüvə proqramını iflic etdik. ABŞ və Prezident Donald Tramp ilə birlikdə hərəkət etdik. İranın hərbi-siyasi rəhbərliyinə və hərbi sənayesinə ciddi ziyan vuruldu. Məqsədlərimizin təxminən 80-90 faizinə nail olmuşuq”, – deyə müdafiə naziri bildirib.
İ. Kats vurğulayıb ki, İsrail heç bir halda İranın yenidən nüvə silahı əldə etməsinə və ya İsraili təhdid edəcək hərbi potensial formalaşdırmasına imkan verməyəcək.
“İrana üçüncü dəfə zərbə endirməyə hazırıq”
Nazirin sözlərinə görə, İsrail Hərbi Hava Qüvvələri artıq iki dəfə Tehrana qədər hava üstünlüyü əldə edib və İranın raket buraxılış imkanlarını qısa müddətdə minimum səviyyəyə endirməyi bacarıb.
“Əgər İran İsrailə raket atarsa, cavabımız son dərəcə sərt olacaq. İsrail Müdafiə Qüvvələrinə lazım gələrsə, ABŞ-ın iştirakı olmadan da İrana qarşı əməliyyat keçirməyə hazır olmaq tapşırılıb. Hazırda ABŞ bizim əsas müttəfiqimizdir, lakin İsrail təkbaşına da hərəkət edə biləcək gücə malikdir”, – deyə İ. Kats bildirib.
Müdafiə naziri əlavə edib ki, İsrail İranın enerji infrastrukturuna zərbələr endirmək istəyir. Lakin ABŞ bunun regionda enerji böhranına səbəb ola biləcəyi ehtimalını nəzərə alaraq hələlik belə əməliyyata razılıq vermir.
“HƏMAS Qəzzada qala bilməyəcək”
İ. Kats bildirib ki, İsrail hazırda Qəzza zolağında üstün mövqedədir və HƏMAS-ın bölgədə hakimiyyətini davam etdirməsinə imkan verilməyəcək.
Onun sözlərinə görə, İsrail artıq Qəzza zolağının 60 faizindən çoxuna nəzarət edir və yaxın vaxtlarda bu göstərici 70 faizə çatacaq.
“Artıq qısamüddətli reydlər keçirmirik. Mülki əhali təxliyə olunur, ərazilər güclü zərbələrlə nəzarətə götürülür, ordumuz həmin mövqelərdə qalır və həm yeraltı tunelləri, həm də yerüstü infrastrukturu məhv edir”, – deyə nazir bildirib.
“Qəzzada yeni yaşayış məntəqələri yaradıla bilər”
Müdafiə naziri qeyd edib ki, HƏMAS tərksilah olunmasa, İsrail həm hərbi əməliyyatları davam etdirəcək, həm də ABŞ ilə koordinasiya çərçivəsində Adoqit, Nisanit və Eli Sinay bölgələrində yeni Nahal yaşayış məntəqələrinin yaradılmasına başlayacaq.
O bildirib ki, bu qərarın icrası HƏMAS-ın tərksilah olunmaq öhdəliyini yerinə yetirmədiyinin rəsmi şəkildə elan edilməsindən sonra mümkün olacaq.
“Qəzza, Livan və Suriyadan geri çəkilməyəcəyik”
Kats vurğulayıb ki, İsrail Qəzza, Livan və Suriyada yaratdığı təhlükəsizlik zonalarını tərk etmək niyyətində deyil.
Onun sözlərinə görə, Livanın cənubunda “Hizbullah”ın istifadə etdiyi 24 kənd dağıdılıb, təxminən 700 kvadrat kilometrlik təhlükəsizlik zonası yaradılıb və tunellərin məhv edilməsi davam etdirilir.
Nazir bildirib ki, bu təhlükəsizlik zonaları İsrailin müdafiə strategiyasının ayrılmaz hissəsinə çevrilib.
ABŞ ilə münasibətlər və yeni “İbrahim Razılaşmaları”
ABŞ ilə münasibətlərə toxunan İ. Kats qeyd edib ki, bəzi məsələlərdə fikir ayrılıqları olsa da, Vaşinqton və Təl-Əviv strateji müttəfiq olaraq qalırlar.
Onun sözlərinə görə, Prezident Donald Tramp həlledici məqamlarda İsrailin maraqlarını dəstəkləyən qərarlar qəbul edib və gələcəkdə də iki ölkə arasında koordinasiya davam edəcək.
Nazir hesab edir ki, İsrailin hərbi uğurları gələcəkdə yeni diplomatik nailiyyətlərə zəmin yaradacaq.
“Livan, Suriya və Səudiyyə Ərəbistanı ilə mümkün yeni “İbrahim Razılaşmaları” güzəştlər hesabına deyil, İsrailin güclü mövqeyi sayəsində əldə olunacaq”, – deyə o bildirib.
“Yəhudeya və Samariyada məskunlaşma genişləndiriləcək”
İ. Kats bildirib ki, onun rəhbərliyi dövründə Yəhudeya və Samariyada 104 yeni yaşayış məntəqəsi yaradılıb, 160 kənd təsərrüfatı fermasına isə rəsmi hüquqi status verilib.
Onun sözlərinə görə, yaxın gələcəkdə daha onlarla yeni yaşayış məntəqəsinin salınması planlaşdırılır.
Netanyahuya qarşı İran təhlükəsi
Müdafiə naziri bildirib ki, İsrail xüsusi xidmət orqanları İranın Baş nazir Benyamin Netanyahuya, eləcə də ölkənin siyasi və hərbi rəhbərliyinə qarşı mümkün hücum planlarını real təhlükə kimi qiymətləndirir.
O qeyd edib ki, təhlükəsizlik qurumları bunun qarşısını almaq üçün bütün zəruri tədbirləri görür.