İsrailli alimlər Yerdə həyatın necə yarandığını izah edə biləcək yeni kimyəvi model hazırlayıblar. Yerusəlim Yəhudi Universitetinin tədqiqatçılarının apardıqları araşdırma göstərib ki, iki sadə molekul növünün qarşılıqlı təsiri nəticəsində ilk hüceyrə membranlarının yaranmasına bənzər strukturlar formalaşa bilər.
Tədqiqatçılar bildirirlər ki, həyatın yaranmasında əsas mərhələlərdən biri qapalı yarıkeçirici qişalar – membranların əmələ gəlməsi olub. Bu membranlar kimyəvi reaksiyaların baş verdiyi, maddələr mübadiləsinin mümkün olduğu və gələcək canlı hüceyrələrin əsasını təşkil edən mikromühit yaradıb. Lakin indiyədək belə membranların sadə kimyəvi reaksiyalar nəticəsində necə yarandığı dəqiq izah olunmamışdı.
Laboratoriya təcrübələri zamanı alimlər müəyyən ediblər ki, yağ turşuları ilə oksiturşuların (məsələn, süd və ya limon turşusunun) qarşılıqlı təsiri nəticəsində mikroskopik qabarcıqlar – vezikullar əmələ gəlir. Mütəxəssislərin fikrincə, bu strukturlar gələcək hüceyrə membranlarının sələfi hesab oluna bilər.
Araşdırma göstərib ki, bu vezikullar yalnız yağ turşularından istifadə olunan hallarla müqayisədə daha aşağı konsentrasiyalarda formalaşır. Bu isə ilkin Yer şəraitində maddələrin az olduğu mühitdə membranların yaranmasını mümkün edir.
Tədqiqat müəllifləri bildiriblər ki, əldə olunan nəticələr molekulyar əməkdaşlığın sadə, lakin çox effektiv mexanizmini nümayiş etdirir. Onların sözlərinə görə, iki müxtəlif primitiv molekulun birləşməsi nəticəsində ayrı-ayrılıqda malik olmadıqları yeni xüsusiyyətlər meydana çıxır. Bu da erkən kimyəvi sistemlərin daha nizamlı və dayanıqlı strukturlara çevrilərək həyatın formalaşmasına zəmin yaratmasını izah edə bilər.
Alimlər oxşar effektin digər turşu birləşmələrində də müşahidə olunduğunu qeyd edirlər. Onların fikrincə, bu kəşf təkcə Yerdə həyatın yaranmasının sirrini anlamağa kömək etmir, həm də gələcəkdə bioloji parçalana bilən yeni materialların hazırlanması istiqamətində mühüm imkanlar yarada bilər.
Araşdırmanın nəticələri nüfuzlu “Nature Communications” jurnalında dərc olunub.
Mənbə: newsru.co.il
