Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Türkiyədən ölkəyə gətirilmiş yararsız bioloji aktiv qida məhsulunu (BAQM) məhv edib.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsinin məlumatına görə, fiziki şəxs Bağırzadə Məlik Namik oğlu tərəfindən idxal edilmiş məhsul Türkiyənin “Cosmoactive İlaç Anonim Şirketi” tərəfindən istehsal olunub. Nəzarət tədbirləri çərçivəsində AQTA əməkdaşları 26001 partiya nömrəli "Bilgam" TABLET N 30 adlı bioloji aktiv qida məhsulundan nümunələr götürərək laborator müayinəyə cəlb ediblər.
Məhsulun etiketində B12 vitamininin müəyyən miqdarı bəyan edilsə də, laboratoriya nəticələrinə əsasən tərkibində həmin göstərici ümumiyyətlə aşkar edilməyib.
Faktla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb. Qeyd olunan 02.03.2026-cı il istehsal və 02.03.2029-cu il son istifadə tarixli məhsul partiyası AQTA əməkdaşlarının iştirakı ilə məhv edilib.

