Rusiya ordusu iyulun 26-na keçən gecə Ukraynanın paytaxtı Kiyevə raket və pilotsuz uçuş aparatları ilə hava zərbələri endirib. Hücum nəticəsində şəhərin Şevçenkovski və Desnyanski rayonlarında bir neçə yanğın baş verib, mülki obyektlərə ziyan dəyib.
Ukrayna Dövlət Fövqəladə Hallar Xidmətinin məlumatına görə, Desnyanski rayonunda anbar yanıb, avtodayanacaqda isə 10 minik avtomobili və bir yük maşını tamamilə yanaraq yararsız vəziyyətə düşüb. Şevçenkovski rayonunda istifadəsiz vəziyyətdə olan dördmərtəbəli binada da yanğın baş verib.
Kiyev meri Vitali Kliçko bildirib ki, pilotsuz uçuş aparatının qalıqları 18 mərtəbəli yaşayış binasının üzərinə düşərək binanın 7-ci və 8-ci mərtəbələrində yanğına səbəb olub.
İlkin rəsmi məlumata görə, hücum nəticəsində ölən və ya yaralanan olmayıb.



