İranın məhkəmə sistemi İsraillə əlaqələrdə, ölkədə sabitliyi pozmağa cəhd göstərməkdə və “İsrail yönümlü çevriliş” hazırlamaqda ittiham olunan müxalifət tərəfdarı vətəndaşlarla bağlı cinayət işlərini Tehran İnqilab Məhkəməsinə göndərib. İttiham olunan şəxsləri ən ağır cəza – ölüm hökmü gözləyə bilər. Bu barədə “Iran International” nəşri məlumat yayıb.
Məlumata görə, genişmiqyaslı hüquqi prosesin mərkəzində vəliəhd şahzadə Rza Pəhləvi, eləcə də “Iran International” və “Manoto” da daxil olmaqla müxalif media qurumlarının təxminən 300 jurnalist və əməkdaşı dayanır.
İran məhkəmə sisteminin sözçüsü Əsgər Cahangirin sözlərinə görə, təqsirləndirilən şəxslərə dövlətə xəyanət, “düşmən ölkələrlə əməkdaşlıq”, ölkənin suverenliyinə zərbə vurmaq, xarici kəşfiyyat orqanlarının xeyrinə casusluq fəaliyyəti aparmaq, həmçinin dini xarakterli ağır cinayətlər – “müharibə” (Allaha qarşı müharibə aparmaq) və “yer üzündə fəsad törətmək” ittihamları irəli sürülüb.
Bundan başqa, İran hakimiyyəti müxalif media qurumlarını rəsmi Tehranın “12 günlük və 40 günlük müharibə” adlandırdığı son qarşıdurmalar zamanı təbliğat vasitəsi kimi fəaliyyət göstərməkdə ittiham edir.
Ekspertlərin fikrincə, irəli sürülən kütləvi ittihamlar cəmiyyətdə qorxu mühiti formalaşdırmağa, fərqli düşüncəni susdurmağa və daxili etirazları xarici müdaxilə kimi təqdim edərək onların legitimliyini zəiflətməyə xidmət edir.
Mənbə: cursorinfo.co.il