İsraildə Ben-Qurion beynəlxalq hava limanında ABŞ-a məxsus əlavə hərbi təyyarələrin yerləşdirilməsi məsələsi ilə bağlı fövqəladə iclas keçiriləcək.
İsrail KİV-lərinin yaydığı məlumata görə, ABŞ Yaxın Şərqdə artan gərginlik fonunda İsrailə əlavə hava yanacaqdoldurma və hərbi nəqliyyat təyyarələri göndərməyi nəzərdən keçirir. Bu çərçivədə təyyarələrin bir hissəsinin Ben-Qurion beynəlxalq hava limanında yerləşdirilməsi təklif olunub.
Məsələ ilə bağlı keçiriləcək iclasda İsrailin nəqliyyat naziri Miri Regev, İsrail Hava Limanları İdarəsinin, Mülki Aviasiya İdarəsinin və digər aidiyyəti qurumların nümayəndələri iştirak edəcəklər.
İsrail rəsmiləri hesab edirlər ki, hərbi təyyarələrin Ben-Qurion hava limanında yerləşdirilməsi mülki aviasiyanın fəaliyyətinə ciddi təsir göstərə bilər. Xüsusilə yay mövsümündə sərnişin axınının artması dayanacaq yerlərinin çatışmazlığına, reyslərin gecikməsinə və bəzi uçuşların ləğv edilməsinə səbəb ola bilər.
Hazırda tərəflər hərbi ehtiyaclarla mülki aviasiyanın fasiləsiz fəaliyyətinin təmin edilməsi arasında balansın qorunması üçün müxtəlif variantları müzakirə edirlər. Müzakirə olunan variantlardan biri əlavə ABŞ hərbi təyyarələrinin Ben-Qurion hava limanı əvəzinə İsrail Hərbi Hava Qüvvələrinin bazalarında yerləşdirilməsidir.
Qeyd edək ki, ABŞ-ın İsraildə hərbi aviasiya imkanlarını genişləndirmək planı Yaxın Şərqdə davam edən gərgin təhlükəsizlik vəziyyəti fonunda gündəmə gəlib.