Yerusəlimdə yerləşən Herzl dağında İsrail dövlətinin ideoloji əsaslarının formalaşmasında mühüm rol oynamış revizionist sionizm lideri Zeev Jabotinskinin xatirəsinə dövlət anım mərasimi keçirilib.
Mərasimdə İsrailin Baş naziri Binyamin Netanyahu, hökumət üzvləri, Knessetin deputatları, hərbi rəhbərlik və digər rəsmi şəxslər iştirak ediblər. Çıxış edən B. Netanyahu Jabotinskini müasir İsrail dövlətinin yaranmasına gedən yolda əsas ideoloqlardan biri adlandıraraq, onun milli təhlükəsizlik, güclü dövlətçilik və yəhudi xalqının özünümüdafiə hüququ ilə bağlı irəli sürdüyü prinsiplərin bu gün də ölkənin siyasətində mühüm yer tutduğunu bildirib.
Zeev Jabotinski XX əsrin ən nüfuzlu yəhudi siyasi xadimlərindən biri hesab olunur. O, 1923-cü ildə “Betar” gənclər hərəkatını təsis edib, sonradan isə İsrailin müstəqillik uğrunda mübarizəsində mühüm rol oynamış “İrqun” təşkilatının ideoloji ilham mənbələrindən biri olub. Onun siyasi irsi sonrakı dövrdə İsrail sağ düşərgəsinin, xüsusilə də “Likud” hərəkatının formalaşmasına ciddi təsir göstərib.
Jabotinski 1940-cı ildə ABŞ-da vəfat edib. Onun nəşi 1964-cü ildə İsrail hökumətinin qərarı ilə İsrailə gətirilərək Yerusəlimdəki Herzl dağında yenidən dəfn olunub. Bu gün onun adı İsraildə çoxsaylı küçələrə, məktəblərə və ictimai müəssisələrə verilib və o, ölkənin dövlətçilik tarixinin ən mühüm simalarından biri kimi anılır.
