ABŞ müdafiə sənayesi Ukrayna müharibəsindən əldə olunan təcrübəni nəzərə alaraq daha ucuz və sürətli istehsal edilən raketlərə üstünlük verməyə başlayıb. Bu barədə nüfuzlu “Financial Times” nəşri məlumat yayıb.
Nəşrin yazdığına görə, bir sıra Amerika şirkətləri artıq mürəkkəb və bahalı hərbi komponentlər əvəzinə kommersiya bazarında geniş istifadə olunan standart hissələrdən raketlər hazırlayır. Məqsəd istehsal xərclərini azaltmaq və ehtiyac yarandıqda minlərlə raketi qısa müddətdə yığa bilməkdir.
Bunun üçün ABŞ-da modul prinsip əsasında qurulan xüsusi istehsal sexləri yaradılır. Belə müəssisələr müxtəlif regionlarda sürətlə quraşdırıla və istehsalı qısa müddətdə genişləndirə bilir.
Bu konsepsiyanı raket sənayesində “McDonald’s modeli” adlandırılır. Yəni məhsulun mümkün qədər standartlaşdırılması, sadələşdirilməsi və sürətli şəkildə kütləvi istehsalı əsas hədəf sayılır.
Ekspertlərin fikrincə, Ukraynadakı müharibə göstərib ki, müasir döyüşlərdə yalnız yüksək texnologiyalı və bahalı silahlar deyil, həm də böyük sayda, ucuz və tez istehsal olunan raketlər həlledici rol oynaya bilər.
Yeni yanaşmanın ABŞ ordusuna potensial münaqişələr zamanı sursat ehtiyatlarını daha sürətlə bərpa etmək və istehsal gücünü artırmaq imkanı verəcəyi bildirilir.