Səudiyyə Ərəbistanında dövlət neft şirkəti “Saudi Aramco”-ya məxsus helikopter qəzaya uğrayıb.
Hadisə ölkənin şərqində yerləşən Ras Tanura şəhərində baş verib. Qəza zamanı helikopterdə olan 14 nəfərin hamısı həyatını itirib.
Qəzanın səbəbi hələlik məlum deyil. Hadisə ilə bağlı rəsmi araşdırma başlanıb.
Ras Tanura Yaxın Şərqin ən böyük neft emalı və ixrac mərkəzlərindən biridir. Burada fəaliyyət göstərən böyük neft emalı kompleksi və neft terminalı Saudi Aramco tərəfindən idarə olunur.
Hazırda səlahiyyətli qurumlar qəzanın texniki nasazlıq, hava şəraiti və ya başqa amillərlə bağlı olub-olmadığını araşdırırlar.