TƏBİB nəqliyyat sıxlığı olan ərazilərdə və pik saatlarda operativliyi artırmaq məqsədilə yeni “Ambucycle” təcili tibbi yardım xidmətinin tətbiqinə başlayıb.
İlkin mərhələdə Bakıda pilot layihə olaraq tətbiq edilən bu model həyati əhəmiyyət daşıyan ilk dəqiqələrdə hadisə yerinə daha tez çatmağı hədəfləyir.
Zəruri tibbi ləvazimatlarla təchiz olunmuş xüsusi motosikletləri xüsusi hazırlıq keçmiş feldşerlər idarə edirlər. Onlar hadisə yerində ürək-ağciyər reanimasiyası, defibrilyasiya, ağrının aradan qaldırılması və sınıqlar zamanı immobilizasiya kimi təxirəsalınmaz müdaxilələr edə bilirlər. Zərurət yaranarsa, tamtəchizatlı təcili yardım briqadasının gəlişi koordinasiya olunur.
Feldşerlər Seçenov Universitetinin Bakı filialı, Yeni Klinika və Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzində xüsusi təlimlər keçiblər.
İsrail və Böyük Britaniya kimi ölkələrdə uğurla tətbiq olunan bu sistemin nəticələri qiymətləndirildikdən sonra coğrafiyasının genişləndirilməsi nəzərdən keçiriləcək.









