İsrail Hərbi Hava Qüvvələri (HHQ) Varşavadan Təl-Əvivə uçan sərnişin təyyarəsinin qaçırıldığı ehtimalı ilə genişmiqyaslı təhlükəsizlik əməliyyatı həyata keçirib. Sonradan məlum olub ki, həyəcan siqnalı pilotun səhvən aktivləşdirdiyi beynəlxalq fövqəladə koddan qaynaqlanıb.
“The Times of Israel” nəşrinin məlumatına görə, Bolqarıstanın “Electra Airways” aviaşirkətinə məxsus, göyərtəsində 180 sərnişin olan təyyarə Türkiyə hava məkanı üzərində olarkən pilot təsadüfən “Squawk 7500” kodunu aktivləşdirib. Bu kod beynəlxalq aviasiyada təyyarənin qaçırıldığını bildirən ən ciddi təhlükə siqnallarından biri hesab olunur.
Siqnal daxil olan kimi İsrailin hava hücumundan müdafiə sistemi avtomatik olaraq döyüş hazırlığı vəziyyətinə gətirilib. Pilot qısa müddət sonra səhv etdiyini anlayaraq hava hərəkətinin idarəetmə xidməti ilə əlaqə saxlayıb və həyəcan siqnalını ləğv etdiyini bildirib.
Lakin İsrailin təhlükəsizlik qaydalarına əsasən, belə hallarda ekipajın radio vasitəsilə verdiyi izahatlar kifayət etmir. Çünki nəzəri olaraq pilotların terrorçuların təzyiqi altında danışması ehtimalı istisna edilmir. Bu səbəbdən hadisə tam təhlükəsizlik prosedurlarına uyğun qiymətləndirilib.
İsrail HHQ dərhal iki qırıcı təyyarəni havaya qaldıraraq sərnişin təyyarəsini ələ keçirib. Qırıcılar kabinə və salonu vizual şəkildə yoxlayıb, eyni zamanda təyyarənin İsrail hava məkanına daxil olmasının qarşısını alıblar.
Təyyarəyə İsrail hava məkanına giriş qadağan edildikdən sonra onun Kiprə yönləndirilməsi planlaşdırılıb. Lakin Kipr hakimiyyəti hava limanının sıx yüklənməsini əsas gətirərək enişə icazə verməyib.
Bundan sonra ekipaj marşrutu dəyişərək Bolqarıstana istiqamət alıb. Uçuş zamanı təyyarəni İsrail qırıcıları ilə yanaşı, Türkiyə və Bolqarıstan Hərbi Hava Qüvvələrinin döyüş təyyarələri də müşayiət edib. Sərnişin təyyarəsi sonda “Electra Airways” aviaşirkətinin baza hava limanının yerləşdiyi Burqas şəhərində təhlükəsiz eniş edib.
Nəşr xatırladır ki, bu, son aylarda baş verən ilk belə hadisə deyil. Bu ilin fevral ayında Londondan Təl-Əvivə uçan “Wizz Air” reysi ilə bağlı da analoji təhlükəsizlik əməliyyatı həyata keçirilmişdi. Həmin vaxt sərnişinlərdən birinin telefonuna daxil olan təhdid xarakterli mesaj səbəbindən İsrail HHQ qırıcıları havaya qaldırılmış, təyyarə isə marşrutunu yarımçıq saxlayaraq Böyük Britaniyaya geri qayıtmışdı.