İsrail Müdafiə Qüvvələri (SAXAL) Qəzza zolağının şimalında həyata keçirilən hava zərbəsi nəticəsində HƏMAS-ın “Şati” batalyonunun bölük komandiri Məhəmməd Muştahanın zərərsizləşdirildiyini açıqlayıb.
SAXAL-ın məlumatına görə, əməliyyat zamanı mülki əhali arasında itkilərin qarşısını almaq məqsədilə yüksək dəqiqlikli sursatlardan və hava müşahidə vasitələrindən istifadə olunub.
İsrail tərəfi bildirib ki, zərərsizləşdirilən HƏMAS komandiri 2023-cü il oktyabrın 7-də İsrailə qarşı hücumda iştirak edib. Həmçinin onun müharibə boyunca bir neçə girovun saxlanılmasında iştirak etdiyi iddia olunur.
SAXAL-ın məlumatına görə, Muştaha son dövrlərdə İsrail hərbçilərinə və israilli mülki şəxslərə qarşı hücumlar həyata keçirməyə çalışıb. İsrail ordusu onun yeni hücumlar təşkil etməsinin qarşısını almaq məqsədilə zərbə endirildiyini bildirib.

