1 Elul 5786 14 avqust 2026 🕯️ Şam yandırma — 19:23, cümə Şabbatın çıxışı — 20:29, şənbə
TƏCİLİ
Hamısı Dünya Siyasət Cəmiyyət Hadisələr İqtisadiyyat Mədəniyyət Təhlil İdman Texnologiya Təhsil Podkastlar
İsrailli səyyah Azərbaycandan yazır: Gözəl şəhər, yəhudilərə sevgi, bənzərsiz ölkə

İsrailli səyyah Azərbaycandan yazır: Gözəl şəhər, yəhudilərə sevgi, bənzərsiz ölkə

i Saytda dərc olunan materiallar redaksiya tərəfindən yoxlanılır. Müəlliflərin fikri redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə bilər.
Mədəniyyət
📅
Oxumağa vaxtınız yoxdur?Məqaləni dinləyə bilərsiniz — jnews.az səsləndirir

Bakının bulvarında “mavi saat”dan Qafqazın qayalıqları arasındakı səyahətə qədər: Tali Ştay Azərbaycanı gəzib, dağ yəhudiləri ilə görüşüb, qədim kəndləri ziyarət edib və gözlədiyindən daha rəngarəng bir ölkə kəşf edib. Onun ölkəmizə səfəri ilə bağlı “Ynet” nəşrində dərc olunan məqaləsini təqdim edirik.

Elə istiqamətlər var ki, ora gedirsən, ətrafa baxıb öz-özünə deyirsən: “Yaxşıdır, pis deyil”. Elə yerlər də var ki, qarşında açılan mənzərələrə valeh olub özündən soruşursan: “Bir dəqiqə, bura niyə bu qədər gözəl və cəlbedicidir?”. Bakı və Azərbaycan, şübhəsiz ki, ikinci qrupa aiddir.

Bakı insana ilk baxışdan təsir edir: hər addımda və hər döngədə sizi təəccübləndirən gözəl, kosmopolit şəhər. Burada armud formasında şüşə stəkanda təqdim olunan Azərbaycan çayından tutmuş, sizə səmimiyyətlə gülümsəyən yerli sakinlərlə görüşlərə qədər hər şey özünəməxsus təəssürat yaradır.

Bakının bənzərsiz cazibəsinin sirri köhnə ilə yeninin gözlənilməz, lakin harmonik birləşməsindədir. Bir tərəfdə qədim memarlıq, dolama daş küçələr və Təzə Pir və Heydər məscidi kimi tarixi məscidlər, digər tərəfdə isə Heydər Əliyev Mərkəzi və bükülmüş xalça formasında dizayn edilmiş möhtəşəm Xalça Muzeyi kimi futuristik və innovativ tikililər yerləşir.

Şəhərin kosmopolitliyi turistlərə münasib qiymətlərlə təklif olunan müasir və komfortlu hotellərdə, həmçinin bol və geniş çeşiddə təqdim edilən yerli və beynəlxalq mətbəxdə də özünü göstərir.

Məni təəccübləndirən məqamlardan biri Azərbaycanla İsrail arasında uzun illərdir mövcud olan sıx əlaqələr oldu. Bu münasibətlər təhlükəsizlik, strateji, iqtisadi, mədəni və elmi sahələrdə əməkdaşlıqda özünü göstərir. İki ölkə arasında tam diplomatik münasibətlər 1992-ci ildən mövcuddur.

Azərbaycan müsəlman ölkəsidir və əhalisinin böyük hissəsi şiə məzhəbinə mənsubdur. Bununla belə, əhalinin əksəriyyəti dünyəvidir və ölkədə dinlə dövlət arasında ayrılıq mövcuddur. Bu xüsusiyyətlər, eləcə də ölkədə inkişaf edən yəhudi icmasının mövcudluğu Azərbaycanı israilli və Qərb ölkələrindən gələn turistlər üçün əlverişli istiqamətə çevirir.

Bakı gecələr daha da gözəldir

Bakıda olduğumuz müddətdə gözlərimiz şəhərin gözəlliyindən doymurdu. Şəhərdə keçirdiyimiz ilk axşam bulvar boyunca gəzişdik və qədimlə müasirliyin vəhdətindən zövq aldıq. Arxa planda isə məşhur Alov qüllələri müxtəlif rənglərdə işıqlandırılmışdı.

Söhbət Azərbaycanın simvolu sayılan od elementini ifadə etmək üçün inşa edilmiş üç göydələndən gedir.

Bakını həm axşam saatlarında, həm də “mavi saat” adlandırılan vaxtda – günəş batdıqdan qısa müddət sonra səmanın dərin və sehrli mavi rəngə boyandığı dövrdə seyr etmək və fotoşəkillər çəkmək xüsusilə xoş idi.

Şəhərin axşam və gecə saatlarında daha da gözəl göründüyünü gördük. Buna görə də Bakını qaranlıq düşdükdən sonra da kəşf etmək tövsiyə olunur.

Heydər Əliyev Mərkəzini də yalnız kənardan seyr etməklə kifayətlənmək məsləhət deyil. Şəhərin ən diqqətçəkən tikililərindən biri olan bu möhtəşəm binaya ən azı bir neçə saat ayırmaq lazımdır. Axıcı və demək olar ki, heç bir kəskin bucağı olmayan forması ilə seçilən binanın daxilində maraqlı sərgilər və ekspozisiyalar təqdim olunur.

Azərbaycanın təbiəti: Bakıdan kənarda tamamilə başqa dünya

Azərbaycanın cazibəsi paytaxtın sərhədləri ilə bitmir. Ölkənin ruhunu həqiqətən hiss etmək üçün şəhərdən kənara çıxaraq onun vəhşi təbiətini və zəngin tarixini kəşf etdik.

Azərbaycan təbiətinin sərt və vəhşi gözəlliyini yaşamağın ən yaxşı yollarından biri çətin relyefli ərazilərdə yolsuzluq avtomobilləri ilə səyahət etməkdir.

Ciplərdən ibarət karvan bizi gizli dağ keçidlərindən, dərin və yaşıl vadilərdən, gur çaylardan və adi avtomobillərlə getməyin çətin olduğu ucqar kəndlərdən keçirdi.

Bu, Qafqazın ən təmiz və təsirli təbiət mənzərələri ilə üz-üzə qalmağa imkan verən, nəfəs kəsən bir təcrübə idi.

Xızı dağları və “Candy Cane Mountains”

Bakıdan şimalda yerləşən Xızı bölgəsinə də getdik. Ərazi xüsusilə dramatik dağ mənzərələri ilə seçilir.

Burada əsas diqqətçəkən məkanlardan biri nadir geoloji təbiət hadisəsi olan “Rəngli dağlar”dır (Candy Cane Mountains).

Torpağın özünəməxsus mineral tərkibinə görə dağlar qırmızı, çəhrayı, bənövşəyi, ağ və sarı rənglərdən ibarət möhtəşəm təbii zolaqlarla örtülüb. Bu mənzərə insanda sanki başqa planetdə gəzişdiyi təəssüratı yaradır.

Qaynayan torpaq və Marsı xatırladan mənzərə

Azərbaycan palçıq vulkanlarının çoxluğu ilə də məşhurdur. Ölkədəki palçıq vulkanlarının sayı dünyanın digər yerləri ilə müqayisədə olduqca çoxdur.

Bu ərazilər fantastik filmlərin dekorasiyasını xatırladır. Qırmızımtıl rənglər Marsın səthini xatırladır.

Bu geoloji hadisə zamanı torpaqdan palçıq, qaz və su fasiləsiz şəkildə çıxan təpəciklər əmələ gəlir. Mənzərə olduqca qeyri-adi, valehedici və sanki başqa planetə aid təsir bağışlayır.

Xınalıq – sanki zamanda səyahət

Məndə xüsusi təəssürat yaradan digər məkan isə Böyük Qafqazda yerləşən Xınalıq kəndi oldu.

Bu, dəniz səviyyəsindən təxminən 2300 metr yüksəklikdə yerləşən qədim və təcrid olunmuş kənddir. Xınalıq bu gün də yaşayışın davam etdiyi dünyanın ən qədim məskənlərindən biri hesab olunur.

Kənd sakinləri başqa heç bir qrupa bənzəməyən özünəməxsus mədəniyyətlərini, dillərini və adət-ənənələrini qoruyub saxlayırlar.

Xınalığa gedən yol nəhəng qayalıqların arasından keçən dolama və həyəcanlı marşrutdur. Dağın yamacında bir-birinin üzərində tikilmiş qədim evlərin mənzərəsi isə unudulmazdır.

Qafqaz dağları arasında yerləşən bu gözəl və unikal kəndə səfərdən imtina etməməyi xüsusilə tövsiyə edirəm. Kənddə turistləri qəbul edən evlərdən birində əvvəlcədən yemək sifariş etmək və yerli mətbəxin müxtəlif təamlarından dadmaq olar.

Qeyd edim ki, Xınalıq kəndi və “Köç yolu” 2023-cü ildən UNESCO-nun Dünya İrs Siyahısına daxil edilib.

Şəkiyə səfər

Şəki Azərbaycanın ən qədim və gözəl şəhərlərindən biridir. Şəhər vaxtilə İpək Yolunun mühüm dayanacaqlarından biri olub.

Sıx meşələr və Qafqaz dağları ilə əhatə olunan Şəki möhtəşəm Şəki Xan Sarayı ilə məşhurdur. Sarayın pəncərələrində rəngli şüşələrdən hazırlanmış heyrətamiz vitrajlar istifadə olunub. Bu konstruksiyaların hazırlanmasında mismar və yapışqandan istifadə edilməməsi xüsusilə diqqətçəkəndir.

Şəhər həmçinin ənənəvi şirniyyatları, xüsusilə Şəki halvası ilə məşhurdur.

Mənzərəli şəhəri, zəngin mədəni irsini və özünəməxsus yerli mətbəxini görmək üçün Şəkiyə səfər etmək tövsiyə olunur. Səfər zamanı bizə səmimi münasibət göstərən çoxsaylı yerli sakinlərlə də tanış olmaq imkanımız oldu.

Daha sonra yəhudi şəhərciyinə getdik

Qırmızı Qəsəbə İsrail və ABŞ-dan kənarda tamamilə yəhudilərdən ibarət əhalinin yaşadığı yeganə yaşayış məntəqəsi kimi təqdim olunur. Burada dağ yəhudiləri yaşayır.

Qəsəbə Quba rayonunda, çayın sahilində yerləşir. Burada möhtəşəm evlər, fəaliyyət göstərən sinaqoqlar və öz tarixi kökləri ilə fəxr edən, israilli turistləri böyük səmimiyyətlə qarşılayan icma var.

Qırmızı Qəsəbəyə səfər Qafqazdakı yəhudi tarixinin izləri ilə bağlı emosional və maraqlı bir təcrübədir.

Buradakı yəhudi icması müsəlman icması ilə dinc və qarşılıqlı əməkdaşlıq şəraitində yaşayır. Biz yerli yəhudi icmasının nümayəndələri ilə qəsəbədəki klubda görüşdük.

Onların bir çoxunun İsraildə yaşayan qohumları var və onlar müəyyən səviyyədə ivrit dilində danışırlar.

Bu görüş olduqca təsirli idi və Qırmızı Qəsəbəyə səfər etməyi hər kəsə tövsiyə edirəm.

Nəticə

Azərbaycan mənim üçün qeyri-adi, təəccübləndirici və unudulmaz istiqamətə çevrildi.

Baxımlı və futuristik paytaxt, zəngin mədəniyyət, qonaqpərvər insanlar, israillilərə isti və dost münasibət, eləcə də Qafqaz dağlarının sərt və vəhşi təbiətinin vəhdəti Azərbaycanı yeni, maraqlı və qeyri-standart səyahət axtaran israilli turistlər üçün tövsiyə olunan istiqamətlərdən birinə çevirir.


Qeyd edək ki, Tali Ştayt mədəniyyət və təbiət fotoqrafıdır.

PaylaşFacebookTelegramWhatsApp
Oral Əliyev
Oral Əliyev

Baş redaktor

Müəllifdən daha çox →
İsrailli səyyah Azərbaycandan yazır: Gözəl şəhər, yəhudilərə sevgi, bənzərsiz ölkəjnews.az səsləndirməsi