İsrail Müdafiə Qüvvələri (SAXAL) Suriyanın cənubundan İsrail istiqamətində həyata keçirilməyə çalışılan sızma cəhdinin qarşısının alındığını açıqlayıb.
Ordunun yaydığı məlumata görə, hadisə ötən gecə Suriyanın Xader kəndi yaxınlığında, İsrail sərhədindən təxminən bir kilometr məsafədə yerləşən təhlükəsizlik zonasında baş verib. Saat 21:00 radələrində İsrail istiqamətində hərəkət edən iki silahlı şəxs müşahidə olunub.
Bundan sonra SAXAL-ın “Etzioni” briqadası və 210-cu diviziyasının bölmələri əməliyyata cəlb edilib. Hərbi qüvvələrin müdaxiləsi nəticəsində silahlı şəxslər zərərsizləşdirilib.
SAXAL-ın ilkin qiymətləndirməsinə görə, öldürülən şəxslər yerli terror qruplaşmalarından birinin üzvləri olublar.
Ordudan bildirilib ki, hadisə Suriya ərazisində, Bəşər Əsəd rejiminin süqutundan sonra Colan təpələri ətrafında yaşayan sakinlərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə yaradılmış təhlükəsizlik zonasında qeydə alınıb.
Hadisə ilə bağlı araşdırmalar davam etdirilir.