Knessetdə qondarma “erməni soyqırımı”nın tanınması məsələsinin müzakirəsi zamanı İsrail-Azərbaycan münasibətləri mütləq nəzərə alınmalıdır.
Bu barədə İsrail mediasına açıqlamasında Bakı Sefarad Yəhudiləri İcmasının sədri ravvin Zamir İsayev bildirib. O qeyd edib ki, bu məsələ təkcə tarixi deyil, həm də siyasi və strateji baxımdan son dərəcə həssasdır. Onun sözlərinə görə, qərar qəbul edilərkən İsrailin uzun illər ərzində etibarlı tərəfdaşı olan Azərbaycanın mövqeyi və bu ölkədə yaşayan yəhudi icmasının narahatlığı da nəzərə alınmalıdır.
“Azərbaycan İsrail dövlətinin ən yaxın və ən sadiq dostlarından biridir. Əsrlər boyu yəhudilər bu ölkədə təhlükəsizlik, dini azadlıq və hörmət şəraitində yaşayıblar. Bu gün də yəhudi icması tam dini azadlığa, fəaliyyət göstərən sinaqoqlara, yəhudi məktəblərinə malikdir və dövlət rəhbərliyi, eləcə də cəmiyyət tərəfindən böyük hörmət görür”.
Onun sözlərinə görə, Azərbaycan ən mürəkkəb dövrlərdə belə İsrailin yanında olub, regional və beynəlxalq təzyiqlərə baxmayaraq, təhlükəsizlik, energetika və digər strateji sahələrdə əməkdaşlığı davam etdirib.
“Azərbaycan dəfələrlə sübut edib ki, İsrailin həqiqi tərəfdaşıdır. Əhalisinin əksəriyyəti müsəlman olan bir ölkənin uzun illər ərzində yəhudi xalqına və İsrailə dostluq, qarşılıqlı hörmət və əməkdaşlıq nümayiş etdirməsi bütün dünya üçün nümunədir”.
Zamir İsayev bildirib ki, “erməni soyqırımı”nın tanınması məsələsi tarixçilər və siyasətçilər arasında mübahisəli mövzu olaraq qalır və belə mürəkkəb məsələnin siyasi qərara çevrilməsi İsrailin ən yaxın dostlarından birinin hisslərinə toxuna bilər.
“Biz burada yaşayırıq, regionun həssaslıqlarını və bu cür qərarların doğura biləcəyi nəticələri yaxşı bilirik. Bu, yalnız tarixi məsələ deyil. Belə qərarlar ictimai rəyə, Azərbaycandakı yəhudi icmasına və uzun illər ərzində Azərbaycan ilə İsrail arasında formalaşmış xüsusi münasibətlərə təsir göstərir”.
O əlavə edib ki, İsrail rəhbərliyi qərar qəbul edərkən diaspor yəhudi icmalarının mövqeyini də dinləməlidir.
“Yaşadıqları ölkələrin reallıqlarını yaxından bilən yəhudi icmalarının səsini qulaqardına vurmaq olmaz. Bizim təcrübəmiz və mövqeyimiz də nəzərə alınmalıdır”.
Zamir İsayev həmçinin bildirib ki, Azərbaycandakı yəhudi icmalarının ŞAS və “Yahadut HaTorah” fraksiyalarının deputatlarına ünvanladıqları məktubda onları məsələ ilə bağlı Azərbaycanın mövqeyini və bu ölkədə yaşayan yəhudi icmasının narahatlığını xarici işlər naziri Gideon Saarın və digər qərar qəbul edən şəxslərin diqqətinə çatdırmağa çağırıblar. O vurğulayıb ki, Knessetdə müzakirələr davam etdirilməzdən əvvəl bütün siyasi, tarixi və strateji amillər hərtərəfli qiymətləndirilməlidir.