Ukrayna Prezidenti Volodimir Zelenski hökuməti istefaya göndərdiyini açıqlayıb. Dövlət başçısı bu qərarın Ukraynanın yeni siyasi strategiyaya keçidi çərçivəsində qəbul edildiyini bildirib.
V. Zelenskinin sözlərinə görə, qarşıdakı dövrdə hakimiyyət komandasının yenilənməsi, dövlət idarəçiliyində bəzi sahələrə daha təcrübəli mütəxəssislərin cəlb olunması və idarəetmənin səmərəliliyinin artırılması əsas prioritetlərdən olacaq.
Prezident qeyd edib ki, Ukraynanın strateji hədəfləri sırasında ABŞ, Avropa İttifaqı, qonşu dövlətlər və digər beynəlxalq tərəfdaşlarla əməkdaşlığın daha da gücləndirilməsi xüsusi yer tutur. Bununla yanaşı, ölkə daxilində ordunun təminatının yaxşılaşdırılması, qış mövsümünə hazırlıq işlərinin sürətləndirilməsi və dövlət şirkətlərində islahatların həyata keçirilməsi hökumətin əsas fəaliyyət istiqamətləri olacaq.
Məlumata görə, baş nazir Yuliya Sviridenko vəzifəsindən ayrılıb. Zelenski onun fəaliyyətini yüksək qiymətləndirərək bildirib ki, Y. Sviridenko gələcəkdə ölkə üçün strateji əhəmiyyət daşıyan başqa bir sahədə fəaliyyətini davam etdirəcək.
Yeni baş nazir postuna bir neçə namizədin adı hallanır. Onların sırasında energetika naziri Denis Şmıqal, müdafiə naziri Mixail Fedorov, Xarkov meri İqor Terexov və “Naftoqaz” şirkətinin rəhbəri Sergey Koretski yer alır. Hazırda ən real namizəd kimi məhz Sergey Koretskinin adı ön plana çıxır.
Qeyd edək ki, hökumətdə baş verən bu dəyişikliklər Rusiya-Ukrayna müharibəsinin davam etdiyi bir dövrə təsadüf edir. Ukrayna hakimiyyəti hesab edir ki, yenilənmiş hökumət komandası ölkənin təhlükəsizliyi, iqtisadi sabitliyi və beynəlxalq tərəfdaşlarla əməkdaşlığın inkişafı istiqamətində daha effektiv fəaliyyət göstərəcək.