Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev 30 avqust – Beynəlxalq İtkin Düşmüşlər Günü ilə əlaqədar paylaşım edib.
Jnews.az xəbər verir ki, Hikmət Hacıyev itkin düşmüş şəxslərin taleyinin Azərbaycan üçün dərin humanitar və milli əhəmiyyət daşıyan məsələ olaraq qaldığını bildirib.
Qeyd olunub ki, keçmiş Ermənistan-Azərbaycan münaqişəsi nəticəsində 4 010 Azərbaycan vətəndaşı itkin düşmüş şəxs kimi qeydiyyatdadır.
Bu məsələnin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin diqqətində olduğu və daim nəzarətdə saxlanıldığı bildirilib. Dövlət başçısının müəyyən etdiyi vəzifələrə uyğun olaraq, Dövlət Komissiyası itkin düşmüş şəxslərin yerinin müəyyənləşdirilməsi, qalıqlarının aşkar edilərək çıxarılması və identifikasiyası istiqamətində fəaliyyətini davam etdirir.
Hikmət Hacıyev bildirib ki, şahid ifadələri yoxlanılır, ehtimal olunan dəfn yerləri araşdırılır, kütləvi məzarlıqlar qazılaraq açılır. Aşkar edilmiş qalıqlar isə məhkəmə-tibbi və DNT analizləri vasitəsilə tədqiq olunur.
“Bu günədək 32 kütləvi məzarlıq aşkar edilib, 328 itkin şəxsin kimliyi DNT analizi vasitəsilə müəyyənləşdirilib”, – deyə Prezidentin köməkçisi qeyd edib.
Bildirilib ki, Ermənistan tərəfindən itkin düşmüş azərbaycanlıların taleyi, o cümlədən onların dəfn olunduğu yerlər barədə dəqiq və hərtərəfli məlumatların təqdim edilməsi mühüm əhəmiyyət daşıyır.
Çətin relyef və hava şəraitinə, eləcə də minaların yaratdığı təhlükələrə baxmayaraq, axtarış əməliyyatlarının bütün mövcud resurslardan və qabaqcıl texnologiyalardan istifadə edilməklə davam etdirildiyi vurğulanıb.
Mənbə: apa.az
