Yenilənib: Avqust 27, 2026 10:59 səhər
Azərbaycan Metrologiya İnstitutu (AzMİ) ölkənin milli etalon vaxtını – UTC (AZ)-ni real vaxt rejimində yayımlayan xüsusi internet platformasını istifadəyə verib.
Jnews.az xəbər verir ki, yeni platforma Dövlət Antiinhisar və İstehlak Bazarına Nəzarət Agentliyinin dəstəyi ilə yaradılıb.
Beynəlxalq Ölçülər və Çəkilər Bürosu (BIPM) tərəfindən 2023-cü ildə təsdiqlənən UTC (AZ) vaxt etalonu müxtəlif sahələrdə istifadə üçün nəzərdə tutulub. Platformadan bank və maliyyə sektoru, telekommunikasiya şirkətləri, enerji və nəqliyyat müəssisələri, televiziya və radio yayımı ilə məşğul olan qurumlar, eləcə də informasiya təhlükəsizliyi və elmi tədqiqat sahəsində fəaliyyət göstərən təşkilatlar istifadə edə biləcəklər.
Etibarlı vaxt mənbəyi maliyyə əməliyyatlarının dəqiq aparılması, naviqasiya sistemlərinin sinxronlaşdırılması və şəbəkə infrastrukturunun sabit işləməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Azərbaycan dünya üzrə koordinasiyalı vaxtın (UTC) formalaşdırılmasında iştirak edən ölkələr sırasındadır. AzMİ-nin Vaxt, tezlik və mikrodalğalar üzrə Ölçmələr Laboratoriyasında quraşdırılmış sezium atom saatlarından əldə olunan məlumatlar mütəmadi olaraq Beynəlxalq Ölçülər və Çəkilər Bürosuna göndərilir.
Yerli atom saatlarının göstəricilərinin peyk sistemləri ilə müqayisəsi Azərbaycanın qlobal vaxt sisteminin formalaşdırılmasına töhfə verməsinə və ölkənin milli etalon vaxtının beynəlxalq səviyyədə yoxlanılmasına imkan yaradır.
Mənbə: jnews.az
