Avqustun 26-da Bakının Nəsimi rayonunda 352 saylı körpələr evi-uşaq bağçasının açılışı keçirilib. Açılış mərasimində Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva, həmçinin Leyla Əliyeva və Arzu Əliyeva iştirak ediblər.
Jnews.az xəbər verir ki, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov müəssisədə görülən işlərlə bağlı məlumat verib. Bildirilib ki, 116 yerlik bu bağça 1972-ci ildən etibarən eşitmə qabiliyyəti pozulmuş uşaqlar üçün respublika ixtisaslaşdırılmış körpələr evi-uşaq bağçası kimi fəaliyyət göstərib və hazırda 352 saylı müəssisə kimi fəaliyyətini davam etdirir.
Heydər Əliyev Fondunun dəstəyi ilə binada əsaslı təmir işləri aparılıb və yeni korpus inşa edilib. Yeni layihə çərçivəsində eşitmə qabiliyyəti pozulmuş uşaqlar üçün 36 yerlik ikimərtəbəli əlavə korpus tikilib. Bağçada bu kateqoriyadan olan uşaqların təhsil və tərbiyə almaları üçün zəruri şərait yaradılıb.
Müəssisədə surdoloq, oyun və yataq otaqları, idman, tədbir, musiqi və rəqs zalları, eləcə də tibb, geyinib-soyunma və müəllimlər üçün otaqlar mövcuddur. Surdoloq kabinetləri, dərs və oyun otaqları müvafiq avadanlıq və mebellərlə təchiz olunub.
Bağçanın ərazisində uşaqların istifadəsi üçün açıq havada oyun və idman meydançaları salınıb, söhbətgahlar quraşdırılıb.













