Çin Avropa İttifaqında (Aİ) fəaliyyət göstərən 14 şirkətə qarşı yeni ixrac məhdudiyyətləri tətbiq etdiyini açıqlayıb. Bu barədə Çinin Ticarət Nazirliyi məlumat yayıb.
Məhdudiyyətlər çərçivəsində sözügedən şirkətlərə ikili təyinatlı, yəni həm mülki, həm də hərbi məqsədlərlə istifadə oluna bilən məhsulların ixracı qadağan edilir. Bundan əlavə, xarici şirkət və şəxslərin də bu kateqoriyaya aid malları həmin müəssisələrə tədarük etməsinə icazə verilməyəcək.
Məhdudiyyət tətbiq olunan şirkətlər arasında Almaniyanın “Rheinmetall”, İtaliyanın “Lafert”, Çexiyanın “TATRA TRUCKS” və digər Avropa şirkətləri yer alır.
Pekin bildirib ki, bu addım Avropa İttifaqının Rusiyaya qarşı qəbul etdiyi son sanksiyalar paketinə cavab olaraq atılıb. Həmin paket çərçivəsində Çində fəaliyyət göstərən 14 şirkət də Aİ-nin sanksiya siyahısına daxil edilib.
Qeyd edək ki, Avropa İttifaqının son sanksiyalar paketi Rusiyaya qarşı yüzlərlə fiziki və hüquqi şəxsi, bankı və maliyyə qurumunu əhatə edir. Brüssel, həmçinin Rusiyanın beynəlxalq sanksiyalardan yayınmasına yardım etdiyi iddia olunan bir sıra xarici şirkətlərə qarşı da məhdudlaşdırıcı tədbirlər tətbiq edib.