Bu gün Budapeşt şəhərində fəaliyyət göstərən Etnoqrafiya Muzeyində “Azərbaycan xalçaları – ənənədən müasir incəsənətə” adlı genişmiqyaslı sərginin təntənəli açılış mərasimi keçiriləcək.
Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi, Azərbaycanın Macarıstandakı səfirliyi, Budapeşt Etnoqrafiya Muzeyi, Azərbaycan Milli Xalça Muzeyi və qlobal .ART domen reyestrinin birgə təşkilatçılığı ilə ərsəyə gələn sərgi iyulun 26-dək ziyarətçilər üçün açıq olacaq.
Ekspozisiya Azərbaycan xalçaçılıq sənətinin əsrlər boyu keçdiyi inkişaf yolunu müasir incəsənətlə bir araya gətirir. Burada XVII–XX əsrlərə aid nadir tarixi xalçalar, milli geyimlər, zərgərlik nümunələri, xalça eskizləri, monumental xalçalar, müasir rəngkarlıq əsərləri və rəqəmsal instalyasiyalar nümayiş etdirilir. Tarixi irslə müasir bədii yanaşmanın sintezi ziyarətçilərə Azərbaycan tekstil ənənələrinin zənginliyini fərqli rakursdan təqdim edir.
Sərgidə Qarabağ, Şirvan, Bakı və digər tarixi xalçaçılıq məktəblərinə məxsus unikal ornamentlər və sənət nümunələri ilə yanaşı, Xalq rəssamları Lətif Kərimov və Eldar Mikayılzadənin əsərləri, rəssam Çingiz Babayevin müasir yaradıcılığı, həmçinin multidissiplinar rəssam Mədinənin işləri də nümayiş olunur.
Təşkilatçılar hesab edirlər ki, sərgi Macarıstan ictimaiyyəti və şəhərin qonaqlarına Azərbaycanın zəngin xalçaçılıq irsi, milli sənət ənənələri və müasir incəsənəti haqqında dolğun təsəvvür formalaşdıracaq.