Arxeoloqlar Yerusəlimdə və qədim Yəhuda Krallığı ilə bağlı digər ərazilərdə təxminən 2700 il əvvələ aid minlərlə küp qulpu aşkar ediblər. Bu tapıntılar üzərindəki möhür izləri Birinci Məbəd dövründə inkişaf etmiş və təşkilatlanmış kral idarəçiliyinin mövcudluğunu göstərən mühüm arxeoloji sübutlar hesab olunur.
Qədim Yəhuda Krallığının məmurları tərəfindən ərzaq və digər məhsulların saxlanıldığı küplərin qulplarına vurulan bu izlər arasında ən məşhurları “LMLK” möhürləridir. İvrit dilindəki לַמֶּלֶךְ (“LMLK”) ifadəsi “krala məxsusdur” və ya “kral üçün” mənasını verir.
Aşkar edilən möhürlər əsasən e.ə. VIII əsrin sonlarına aid olunur. Bu tapıntılar Müqəddəs Kitabda adı çəkilən və Assuriya imperiyasının təhdidi ilə üzləşdiyi dövrdə hakimiyyətdə olmuş Yəhuda kralı Hizqiyanın idarəçilik dövrü ilə sıx əlaqələndirilir.
Möhürlərin üzərində adətən iki və ya dörd qanadlı simvol təsvir olunub. Bununla yanaşı, təsvirlərdə “LMLK” yazısı və krallığa aid dörd yaşayış məntəqəsindən birinin adı əks edilib.
Küplərin dəqiq istifadə təyinatı alimlər arasında müzakirə mövzusu olaraq qalır. Bununla belə, qabların Yəhuda Krallığının dövlət idarəçiliyi sistemi çərçivəsində kənd təsərrüfatı məhsullarının toplanması, saxlanılması və ya bölüşdürülməsi məqsədilə işlədildiyi ehtimal edilir.
Mütəxəssislərin fikrincə, bu logistika prosesi Assuriya imperiyası ilə gözlənilən müharibəyə hazırlıq tədbirlərinin bir hissəsi olaraq həyata keçirilib.
