Süni intellekt sahəsində öncül şirkətlərdən biri olan “OpenAI” İsraildə fəaliyyətə başlamağı nəzərdən keçirir.
“Calcalist” qəzetinin məlumatına görə, şirkət artıq bu istiqamətdə fəaliyyətə rəhbərlik edəcək şəxsi də işə götürüb. Belə ki, “OpenAI”-nin İsraildəki fəaliyyətinə “Amazon” şirkətindən transfer olunan yeni rəhbər başçılıq edəcək.
İlkin mərhələdə İsraildə araşdırma və inkişaf (R&D) mərkəzinin açılması planlaşdırılmır. Əsas məqsəd biznes fəaliyyətini genişləndirmək və yerli yüksək texnologiya şirkətləri ilə əməkdaşlıq əlaqələri qurmaqdır.
Ayın sonuna qədər “OpenAI”-nin AWS (Amazon Web Services) ilə birgə İsrail startapları üçün xüsusi tədbir keçirməsi planlaşdırılır. Tədbirdə şirkətin biznes müştəriləri üçün təqdim etdiyi süni intellekt həlləri nümayiş etdiriləcək.
Hazırda “OpenAI”-nin vakansiyalar səhifəsində də İsraildə yüksək texnologiya sektorundakı müştərilərlə işləyəcək mütəxəssis üçün iş elanı yerləşdirilib. Vakansiya formal olaraq Paris ofisi üzrə göstərilsə də, həmin əməkdaşın İsraildə fəaliyyət göstərəcəyi və Avropadakı ofislərə tabe olacağı bildirilir.
“OpenAI”-nin beynəlxalq genişlənmə strategiyası adətən eyni model üzrə həyata keçirilir: şirkət əvvəlcə biznes və tərəfdaşlıq istiqamətində fəaliyyətə başlayır, daha sonra isə mühəndisləri işə cəlb edərək texniki komandalarını genişləndirir.
Hazırda ABŞ-dan kənarda “OpenAI”-nin yalnız iki araşdırma mərkəzi fəaliyyət göstərir – London və Sürix. Sürix güclü universitetləri və elmi potensialı sayəsində süni intellekt sahəsində dünyanın aparıcı tədqiqat mərkəzlərindən birinə çevrilib.